1995-ci ildən qardaş Türkiyənin Konya Səlcuk Üniversitetində rəssam ve memar kimi fəaliyyət göstərən professor İlham Ənvəroğlu Ağcabədi rayonunda anadan olub. Uşaglığı və gənçliyi Ağdam, Şuşa və Xankəndidə keçib. Soydaşımız Macarıstan, Almaniya, Bolqarıstan, Dubay, Tunus, Misir, Sinqapur və digər ölkələrdə keçirilən yüzdən artıq sərgidə Azərbaycan və Türkiyəni təmsil edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bu günlərdə “Tərəqqi” medalı ilə təltif olunan İlham Ənvəroğlu Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışından bir daha qürur hissi keçirdiyini qeyd edib. Rəssam təltifə və əməyinin qiymətləndirilməsinə görə ölkə başçısına təşəkkür edib, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Qarabağın yenidən çiçəklənəcəyinə əminliyini bildirib.
Tanınmış jurnalist, əslən Şuşadan olan və hazırda Niderland Krallığında yaşayan Xatirə Sərdarqızı isə hisslərini belə ifadə edib: “Cənab prezidentimiz tərəfindən layiq görüldüyüm “Tərəqqi” medalını Şuşada almaq mənim üçün ikiqat qürurverici idi. Bu etimada görə Prezidentimizə təşəkkür edirəm. Bu təltiflər bizim məsuliyyətimizi daha da artırır. Dünya Azərbaycanlılarının Şuşada keçırılən V Qurultayından sonra artıq diasporumuzun yeni öhdəlikləri var. Cənab prezidentin bu qurultayda çıxışı zamanı bizə verdiyi tövsiyələrdə 3 əsas məqam bizim üçün bundan sonrakı yol xəritəsi olacaq - xaricdə ana dilinin inkişafı, yerli media və sosial media ilə əməkdaşlığı genişləndirmək, Qarabağın bərpası prosesinə töhfələr vermək. Diasporumuzun bunun öhdəsindən də ugurla gələcəyinə inanıram”.