Logo

Ömrün müdriklik çağı

02.05.2022 23:39 408 baxış
IMG

Şərəfli və məsuliyyətli bir peşənin sahibi olan Vahid müəllim Pedaqoji fakültənin seçilən müəllimlərindəndir. Yorulmadan, səy və inamla çalışan Vahid Rzayev tələbə auditoriyasında uzun illərdir ki, həvəslə mühazirə oxuyur.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev 1952-ci ildə Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. Səkkizillik məktəbi Şərur rayonunun Yuxarı Daşarx kəndində oxuyub, orta məktəbi isə Siyaqut kəndində bitirib. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1975-ci ildə Şərur rayonunun Aşağı Daşarx kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb.

1979-cu ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasına müəllim, 2001-ci ildə isə baş müəllim vəzifəsinə təyin olunub.

2007-2017-ci illərdə Pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Hal-hazırda həmin kafedranın dosenti kimi çalışır.

1983-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olub, 1990-cı ildə “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2007-cı ildə yüksək ixtisaslı kadrların hazırlanmasına və uzunmüddətli elmi-pedaqoji fəaliyyətinə görə Naxçıvanın Əməkdar müəllimi fəxri adına layiq görülüb...

Hələ tələbəlik illərindən tanıdığım Vahid müəllimi sədaqətli bir insan kimi qiymətləndirirəm. O, doğma torpağına, xalqına, ömrünü həsr etdiyi elm sahəsinə və dostlarına sədaqəti ilə seçilir. Alim kimi ortaya qoyduğu əsərləri, çoxsaylı elmi məqalələri və kitabları da göstərir ki, yorulmaq bilmədən işləyən, işin ağırlığından qorxmayan zəhmətkeş bir insandır. Alimin Naxçıvanda məktəb və pedaqoji fikirin inkişaf tarixi ilə bağlı araşdırmaları oxucuların tez-tez müraciət etdiyi əsərlərdir.

İnsan cəmiyyətə öz xeyirxah işləri və mənəvi keyfiyyətləri, vicdani duyğuları ilə lazımdır. Vahid müəllimin ən gözəl məziyyəti onun mənəvi cəhətdən zəngin olmasıdır. O, həmişə gənclərə elmi-praktiki istiqamətdə kömək əlini uzadıb.

Bakı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə, ABŞ, Kuba  və Avstriyada keçirilən konfrans və simpoziumlarda maraqlı mövzularla çıxış edib.

Onun tədqiqat sahəsi Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tərkib hissələrindən biri olan Naxçıvan mədəni mühiti, burada məktəb təhsilinin və yeni pedaqoji ideyaların yayılması və inkişaf mərhələləri ilə bağlıdır.

V.Rzayevin bir pedaqoq kimi tədris prosesinə böyük əhəmiyyət verməsi və tədrisin səviyyəsini yüksəltmək üçün yazdığı elmi-metodiki əsərlər böyük əhəmiyyət kəsb edir.  2 monoqrafiyanın,  7 kitabın, 3 metodik vəsaitin  və  100-dən artıq elmi məqalənin müəllifi olan Vahid müəllimin təhlil və tədqiqat dairəsi mürəkkəb və müxtəlifdir. Eləcə də mövzu baxımından onun əsərləri çoxsahəli və rəngarəngliyi ilə seçilir.

Müxtəlif illərdə qələmə aldığı çoxsaylı məqalələrdən “Murad Tutayuk”, “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)”, “XIX əsr və XX əsrin əvvəllərində İrəvanda və Naxçıvanda məscid məktəbləri və mədrəsələr”, “Naxçıvanda qadın təhsili tarixindən”, “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvvəlləri)” adlı əsərləri ölkənin nüfuzlu alimlərinin diqqətini cəlb edib, Azərbaycan elmi-pedaqoji mühitində yüksək qiymətləndirilib. 

Vahid müəllimi tanıyan hər kəs bilir ki, onun zəngin kitabxanası var. Nə zaman yolun düşsə, onu öz otağında, kitabların əhatəsində yazıb-yaradan görərsən.

O, gözəl müəllimdir- xoş rəftarı, ədəb-ərkanı yerində. Doğru deyirlər ki, müəllim nümunə, örnək olmalıdır, istər hərəkətlərində, istərsə də savadında. Vahid müəllim məhz belə birisidir.  Hamıya nümunə ola bilən kamil şəxsiyyətdir.

Vahid müəllim həm də gözəl ailə başçısıdır. O, haqlı olaraq övladları Zamin, Babək, Ramin və Emin ilə hər zaman fəxr edir. Böyük türk şairi Nazim Hikmətin belə bir qiymətli sözü var: “Ən gözəl günlərimiz yaşanmamış günlərdir”. Vahid müəllimin də hələ yaşanmamış gözəl günləri qabaqdadır.

Bu gün o, ömrünün müdriklik çağını yaşayır. Elmi tədqiqatlarını uğurla davam etdirir. Gözəl pedaqoq, təcrübəli müəllim kimi tələbələri tərəfindən hər zaman sevilir.   Vahid müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Taleh XƏLİLOV,

Naxçıvan Dövlət Universitetinin  pedaqoji fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru

Xəbər lenti