Logo

“999-cu gecə” tamaşası 40-cı dəfə nümayiş olunub

03.05.2022 15:18 346 baxış
IMG

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası 40-cı dəfə nümayiş edilib.

Tehsil.biz xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlova, rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Qeyd edək ki, premyerası 2016-cı il mayın 25-də olan səhnə əsərinin süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb.

Gözlənilməz situasiyalarla zəngin olan bu səhnə əsərində hətta ikimərtəbəli dekorasiya da xüsusi simvolik məna daşıyır.

Musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqilərindən və onun digər əbədiyaşar əsərlərindən istifadə olunub.

Tamaşada Əməkdar artist İqrar Salamov, aktyorlar Elçin İmanov, Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elməddin Dadaşov ifa ediblər.

Xəbər lenti