Logo

“Məni erməni qız Emma satdı” - Əfsanəvi Tofiq Qarayevlə MÜSAHİBƏ

03.05.2022 16:21 585 baxış
IMG

Əfsanəvi idmançı, alim, ictimai xadim, ölkəmizdə ilk özəl muzeyin yaradıcısı professor Tofiq Qarayev Media.Az-a həyatından danışarkən vaxtilə görüşdüyü erməni qız tərəfindən necə xəyanətə uğradığını xatırlayıb.

O bildirib ki, hər şey Qərbi Azərbaycanda, Bozdağda geoloji ekspedisiyada olarkən bir filmdə iştirak etməsi ilə başlayıb.

“İşlədiyimiz yerdən bir qədər aralıda “Gəncəbasarlı qisasçı” filminin çəkilişləri aparılırdı. Ekspedisiyadan at belində qayıdarkən çəkiliş qrupu məni gördü. O vaxt dağlara qalxa bilən maşınlar yox idi, ona görə də at minərdik. Həmin vaxtlar bığ saxlayırdım və stereotip türkə oxşayırdım. Mənə türk zabitinin kostyumunu geyindirdilər. Həmin gün yadigar olaraq bir şəkil çəkdirdim və elə bu fotoşəkil sonra mənə qəddar zarafat etdi”, - deyə professor olanları xatırlayıb.

Müsahib qeyd edib ki, Bakıya qayıdandan sonra bu şəkli “Volqa”sının saxlanc bölməsində qoyub, müəyyən müddətdən sonra isə foto barədə unudub.

 

“Həmin illərdə bir erməni qızla münasibətdə idim, adı Emma idi. Görüşlərimizin birində kupeni açdı və şəkli gördü. Təəccüblə soruşdu ki, niyə mən türk forması geyinmişəm?”, - deyə ictimai xadim sözlərinə davam edib.

O, qızla zarafat etmək istəyib və guya Türkiyə ordusunda zabit olduğu haqqında hekayə qurub. T.Qarayevin sözlərinə görə, bu yalana kiminsə inanacağını düşünməyib, çünki SSRİ-də “Dəmir Pərdə” olub, qız isə hər şeyi ciddi qəbul edib və ayrılıb.

“Üstəlik, görüşümüzdən bir ay belə keçməmiş, evə qayıdanda “KQB”-nin (Dövlət Təhlükəsizlik Komitəsi) xüsusi idarəsinin işçiləri qapımı döydü. Təbii ki, qapını onların üzünə açdım. Onlar özlərini təqdim edib, vəsiqələrini göstərdilər və onlarla getməyi xahiş etdilər. Nizami muzeyinin yaxınlığında yerləşən polis bölməsinə getdik. Kabinetdə forma geyinmiş adamlar oturmuşdu, onlardan biri söhbətin stenoqrafiyasını aparırdı. Masa arxasında əyləşən rəis suallar verdi: “Heç Türkiyədə olmusunuz?”, “Türkiyə qoşunlarında xidmət etmisiniz?” və sair. Burada məsələnin nə olduğunu artıq başa düşdüm. Məlum oldu ki, Emma məni satıb. Onunla yaxın münasibətim var idi, amma o, mənə xəyanət etdi! Düzünü dedim, polislər hətta adi geoloq olduğum üçün bir az üzüldülər də. Elə bilmişdilər ki, böyük balıq - satqın tutublar!”, - deyə Tofiq Qarayev olanları gülərək xatırlayıb.

Xəbər lenti