2022-ci ilin 28 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “İşgüzar mühitdə konfliktlər: alternativ metodlar və modellər” mövzusunda seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, universitetin bir qrup akademik və inzibati heyət üzvünün, tələbə və magistrantların iştirak etdiyi seminarda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının İxtisas komissiyasının sədri, mediasiya üzrə beynəlxalq məsləhətçi Qasım Şaliyev məruzə ilə çıxış edib.
Məruzədə Q.Şaliyev işgüzar mühitdə konflikt yaradan və artıran amillər, mübahisələrin həlli yollarının alternativliyi barədə ətraflı məlumat verib, mediasiyanın münasibətlərin və imicin qorunmasında, gələcək əməkdaşlıqların formalaşmasında əhəmiyyətini diqqətə çatdırıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzə ətrafında fikir mübadiləsi aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsil alanların və təhsil verənlərin maarifləndirilməsi, əlavə bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq seminarların və təlimlərin keçirilməsinə xüsusi önəm verilir.