2022-ci ilin 5 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Ercan Nurcan Yılmaz tərəfindən “Elmi tezisin hazırlanmasında ədəbiyyatın əhəmiyyəti” mövzusunda elmi-praktiki seminarı keçirilib.
Tehsil.biz xəbər verir ki, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin moderatorluq etdiyi seminarda universitetin bir qrup professor-müəllim heyəti üzvü, magistrantlar və doktorantlar iştirak ediblər.
Seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov universitetdə elmi fəaliyyətin nəticəyönümlüyünün və səmərəliliyinin artırılmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib və tədbiri bu istiqamətdə görülən işlərə töhfə kimi dəyərləndirib. Tədbirin mövzusunun gənc tədqiqatçılar üçün önəmindən bəhs edən V.Əyyubov məruzəçiyə təşəkkürünü bildirib və seminarın işinə uğurlar arzulayıb.
Sonra, MDU-nun qonaq professoru E.Yılmaz məruzə ilə çıxış edib. Məruzədə ədəbiyyatın elmi işə qatdığı dəyər və araşdırma sahəsinin genişlənməsinə göstərdiyi təsirlər barədə danışan professor keyfiyyətli elmi işin yazılması zamanı ədəbiyyat siyahısının hazırlanmasında diqqət yetirilməli məqamlar, xarici dil biliklərinin önəmi, etik qaydalar, müəlliflik hüquqlarının qorunması və digər məsələlərdən bəhs edib. Daha sonra, E.Yılmaz tədqiqatda informasiyanın menecmenti, istinadları yazmaq və biblioqrafiya yaratmaq üçün ən yaxşı vasitələrdən hesab olunan “EndNote” proqramından istifadə qaydalarını diqqətə çatdırıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzə ətrafında fikir mübadiləsi aparılıb və təqdim olunan suallar cavablandırılıb.
Qeyd edək ki, professor E.Yılmaz Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.