Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ictimaiyyətə təqdim olunub.
Report-un Muğan bürosunun məlumatına görə, tədbir Sabirabad Rayon Təhsil İdarəsində baş tutub.
Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov, Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi İmişli, Saatlı, Beyləqan, Sabirabad rayon Təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov çıxışında yeni idarəçilik sisteminin təhsilin məhz inkişafı üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb və qarşıda duran vəzifələrdən danışıb. Son illərdə təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib. Daha sonra yeni təyin olunan idarə müdirini təbrik edərək kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev qarşıda duran vəzifələrdən danışaraq dövlət başçısı və Təhsil Nazirliyi tərəfindən göstərilən yüksək etimadı doğrultmağa çalışacağını bildirib.