Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Lənkəran Regional Mədəniyyət İdarasinin təşkilatçılığı ilə "Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi (UYD) tərəfindən Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində foto-sərgi təşkil olunub.
Tehsil.biz xəbər verir ki, Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində təşkil olunan "Rənglənmiş tarix" adlı sərgidə Lənkəran Regional Mədəniyyət İdarasinin rəisi Şahin Şahbazov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova, UYD-nin sədri Fərhad Abdulov, mədəniyyət işçiləri və gənclər iştirak edib.
Sərgidə Şuşa musiqiçilərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullar ilə rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb. Sərgiyə baxış prosesi sözügedən musiqiçilərin klassik səs yazıları ilə müşayiət olunub.
Sərgini giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Şuşa musiqiçilərinin gənclər arasında tanıdılması üçün ağ-qara fotoların rənglənməsi üsulunun uğurlu vasitə olduğunu vurğulayıb. Qeyd edib ki, fotoların rəqəmsal üsullar ilə rənglənməsi bu sənədli abidələrin qorunmasına, həmçinin sosial platformalarda da geniş istifadəsinə imkan yaradır. Bu kimi layihələrin mədəniyyət tariximizin təbliğ olunmasında böyük faydası olduğunu qeyd edib.
Daha sonra X.Bəşirova qeyd edib ki, gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrin dəstəklənməsi Agentliyin əsas prioritet istiqamətləri sırasında yer alır. Həmçinin Agentlik ölkəmizin mədəniyyət siyasətinə xidmət edən layihələrə xüsusi önəm verir. Buna misal olaraq qeyd etmək olar ki, Agentlik tərəfindən keçirilən 2021-ci ilin kiçik qrant müsabiqəsi çərçivəsində mədəni irs nümunələrinin təbliği, tarix və mədəniyyət abidələrin qorunması istiqamətində onlarla layihə icra olunur.
Sərginin sonunda Lənkəran rayon mədəniyyət müəssisələrinin istedadlı əməkdaşları, Mətanət Babayeva, Elgün Əlizadə, Vüsal Bağırov, “Babalar” xor kollektivi və “Ay Lolo” mahnı və rəqs qrupunun ifasında bədii hissə təqdim olunub.