Logo

Həyat güzgüsü

05.05.2022 21:02 517 baxış
IMG

Dünyanın dəyişməsi, zamanın acı xatirələri, adamların ədalətsizliyi hər bir Adəm övladına tanış mənzərədir. Bu gedişat güclülər üçün sınaq sayılırsa, zəiflər üçün dəhşət və vəhşətdir.

Əziz oxucu, həyatın hər üzünü görmüş, bütün çətinliklərə sinə gərməyi bacaran bir müdrik qoca vardır. Yaxşı insanlar, yaxşı işlər bir sözlə, kiçik də olsa gözəl bir təbiət mənzərəsi müdrik qocanın nəzərindən qaçmazdı.

Hər yaz səhəri yaşadığı evin yanındakı parkı gəzər, günəşin səkkiz yerə parçalanan saçaqlarından zövq alar, ilıq yaz havasını ciyərlərinə çəkər, beləcə təbiətin xoş, gözəl anını öz daxilinə - ruhuna daşıyardı.

Günlərin birində müdrik qoca hər dəfə ətrafında gəzdiyi iri bir palıd ağacına söykəndi. Yaz mehinin pıçıltısı, quşların həzin səsi, bir də palıdın iri gövdəsindəki arı yuvasından çıxan arıların vızıltısı qocanı başqa bir aləmə aparmışdı. Ayaq altında qalan otların qoxusu, xoş ətri isə torpağa bağlı olan qocanın canına can qatmışdı. 

Təzələnmiş torpağın içində payızdan qalan palıd qozasını əyilib götürən qocanın elə bu məqamda qulaqlarına qəribə bir səs eşidildi. Bu, təbiət səsi deyildi. Təbiətin bir parçası olan insan səsi, doğrusu iniltisi idi. Bir az irəliləyən qoca qarşıda balaca qız uşağına rast gəldi. O, taxta oturacağın bir küncünə qısılıb, əliylə üz-gözünü tutub, içdən hıçqırtı ilə ağlayırdı. "Bu mələyi axı kim və nə üçün bu qədər incidib, qəlbinə isti köz basıb?" - deyə düşünən qoca müdrik onun başına sığal çəkərək: "Qızım, nə üçün ağlayırsan?" - dedi. 

Gözləri qan çanağına dönmüş, tamam taqətdən düşmüş qız, sanki dərdinə şərik olacaq, onu anlayacaq birini çoxdan gözləyirmiş. Müdrik qoca onunla xeyli söhbət etdikdən sonra aydın oldu ki, qızcığaz parkın girəcəyindəki binada qalır.

Öz həmyaşıdları, qohumları, hətta ona hirslənəndə ailə üzvləri belə qızın fiziki qüsurunu üzünə vururmuşlar. Bütün bunlar dünyanın saf mələyinin qəlbini incitməyə bilməzmiş.

Beləcə çox keçmədi qoca müdriklə gözəl qızcığaz dostlaşdı, bir-birinə doğmalaşdı. Lap doğmaca baba və nəvə kimi. 

Qoca müdrik qızcığazın göz yaşı ilə islanmış qar kimi ağappaq və buz parçası tək soyuq olan titrək, balaca ovucunu öz qabar, daş kimi ovucu içərisinə qoydu.

Cibindən köhnə bir güzgü çıxarıb dedi: "Mənim gözəl balam, bu güzgü mənə hərbi xidmət illərimin, qanlı-qadalı o günlərin yadigarıdır. Bunun xatirəsi mənim üçün çox böyükdür. Cavan vaxtlarımda bu güzgüyə tez-tez baxardım. İndi yaşlanmışam, buna görə də çox az hallarda bu güzgüdən istifadə edirəm. İndi bunu sənə verirəm. Sən çox gözəlsən. Hər dəfə sığallı saçlarına, iri badamı gözlərinə, mələk simana bu güzgüdən baxarsan. Hər dəfə də babanı xatırlayarsan". 

Balaca qızcığazın sevincinin həddi-hüdudu yox idi. Əlbəttə, bu xoşbəxtliyin səbəbi ona verilən hədiyyədə deyildi. Ona göstərilən diqqətdə, sevgidə idi. Bəlkə də qızcığaz həyatının ən xoş dəqiqələrini yaşayırdı. Bütün bunlar çöhrəsində yaranmış şəfəqdən, parıldayan gözlərindən hiss olunurdu.

- Baba, çox sağ ol.

- Gözəl balam, sən sağ ol. Bir güzgüdə balamın gözləri necə gözəl görünür. Elə deyilmi?

- Bəli, heç vaxt fikir verməmişdim, düz deyirsiniz.

Bu minvalla xeyli söhbət edən baba və nəvə ayağa qalxdılar. Qoca müdrik qızcığazın üzünün yanıq olan sol tərəfindən öpüb, onu evlərinə yola saldı...

Xəbər lenti