Logo

Gəncədə böyük şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

05.05.2022 22:17 427 baxış
IMG

5 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətinin Gəncədəki Baş konsulu Zəki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, şairin nəvəsi Süleyman Axundzadə, şairin nəticəsi onun adını daşıyan Prezident mükafatçısı Cavad Axundzadə, şairin kötücəsi Nərgiz Əhməd qızı və şairin səcərəsindən olan digərləri, eləcə də şəhər ziyalıları, şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət incəsənət işçiləri iştirak ediblər.

İlk öncə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhadətə yüksələn Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra sözləri Əhməd Cavada, musiqisi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycan Dövlət himni səsləndirilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış etdi. O, ölkə rəhbəri İlham Əliyevin şair Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında sərəncamını diqqətə çatdırıb.

Bildirib ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq sərəncama uyğun olaraq silsilə tədbirlər keçiriləcək. 

Yubiley tədbirində iştirak edən şairin nəvəsi Süleyman Axundzadə, nəticəsi Cavad Axundzadə, kötücəsi Nərgiz Əhməd qızı, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov çıxış edərək Əhməd Cavadın həyatı, ədəbi yaradıcılığı, ictimai-siyasi fəaliyyətindən danışdılar. Yubiley tədbirinin musiqi proqramını F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev) təqdim edib.

Respublikanın Əməkdar mədəniyyət işçisi, Filarmoniyanın solisti Mehparə Cəfərova məşhur “Çırpınırdı qara dəniz” mahnısını, solistlər İlham Vəlioğlu “Gəncədən gəlirəm”, Əli Məmmədov “Şükriyyə”, Pərvanə Rzayeva “Gəncəm hey”, Rüstəm Cəfərov “Can Azərbaycan”, “Sıravi Əhməd”, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblı “Türk Azərbaycan Qardaşlığı” (bədii rəhbər Sohrab İbrahimov), Filarmoniyanın “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı (baletmeyster Sənan Cavadov) “Şalaxo”, “İgidlər” rəqslərini ifa ediblər.

Azərbaycan xalqının müstəqillik ideallarına bütün ömrü boyu sadiq qalmış şair Əhməd Cavadın 130 illik yubiley tədbiri Gəncədə böyük təntənə ilə qeyd olunub.

Xəbər lenti