Logo

ADPU-nun Quba Filialının 30 illik yubileyi qeyd olunub - FOTOLAR

06.05.2022 12:23 494 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəs ziyarət olunmuş, sonra tədbir filialın akt zalında davam etmişdir. 

Tehsil.biz xəbər verir ki, yubiley tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Vahid Əhmədov, Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının rəhbərliyi, ADPU-nun prorektor və dekanları, Universitetin filiallarının və Predaqoji Kollecin direktorları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və Quba filialının kollektivi iştirak edib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının xatirəsi anılıb.
Sonra ADPU-nun Quba filialının tarixindən, fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov filialın kollektivini yubiley münasibətilə təbrik edərək bildirib ki, hər bir ölkənin inkişafını təmin edən insan kapitalıdır. Təhsil isə bu kapitalı formalaşdıran sistemdir. Təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafının mənbəyi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir.

Firudin Qurbanov çıxışından sonra ADPU-nun Quba filialının direktoru dosent, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevə, direktor müavinləri pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevaya və tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudova Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını, həmçinin filialın əməkdaşları dosent, filologiya üzrə fəlsəfə doktoru Gülşən Ağabəy və tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirova Təhsil Nazirliyinin Fəxri fərmanını təqdim edib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında bildirib ki, təhsil sahəsi hər bir dövlətin əsas strateji sahələrindəndir. Hər bir xalqın və ölkənin taleyi, gələcəyi məhz təhsillə bağlıdır. Quba rayonunda 2004-cü ildən başlayaraq 83 yeni məktəb binası tikilib, 13 məktəb binası isə əsaslı təmir olunub. Son 4 ildə isə 1 məktəb binası əsaslı təmir olunub, rayonun 3 yaşayış məntəqəsində çoxyerlik tam orta məktəb binaları tikilərək istifadəyə verilib. 26 yaşayış məntəqəsində isə yeni modul tipli məktəb binaları quraşdırılıb. Hazırda rayonun daha bir yaşayış məntəqəsində, Digah kəndində yeni məktəb binası tikilir.

Z.Əliyev qeyd edib ki, ADPU-nun Quba filialında təhsilini başa vuran gənc mütəxəssislərin xoş soraqları bu gün müxtəlif məktəblərdən, təhsil şöbələrindən, ali təhsil ocaqlarından, ölkənin yüksək səviyyəli dövlət orqanlarından gəlir.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet bu gün də ölkəmizin ali təhsil sistemində ön sıralardadır və fəaliyyətini dövrün tələbləri istiqamətində qurur. Universitet son 100 ildə 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları hazırlayıb. ADPU-nun filialları da yeni nəsil müəllimlərin hazırlanması istiqamətində fəaliyyət göstərir.
Cəfər Cəfərov çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb. Vətən müharibəsində universitetin 200-dək tələbə və məzunu iştirak edib. Onlar arasında 13 nəfər şəhidlik zirvəsinə ucalıb. ADPU-nun kollektivi şəhid olan məzunlarının xatirəsini əziz tutur, qazilərə ehtiramla yanaşır.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğının nəticəsi olaraq son illərdə ali təhsil müəssisələri üçün yeni binalar tikilib və əsaslı təmir olunub, təhsil müəssisələri ən müasir texnologiyalarla təchiz edilib. V.Əhmədov Pedaqoji Universitetin Azərbaycanın mədəni və təhsil həyatında, ziyalı mühitinin formalaşmasında, müəllim kadrların hazırlanmasında əhəmiyyətli rol oynadığını qeyd edib.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi-tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə olunub. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda, müxtəlif layihələrdə müntəzəm iştirak edirlər.

“ADPU Quba filialı tələbələrinin ali təhsili başa vurduqdan sonrakı fəaliyyətlərini də diqqətlə izləyir. Təhsilini başa vuran gənc mütəxəssislərimizin xoş soraqları bu gün müxtəlif məktəblərdən, təhsil şöbələrindən, ali təhsil ocaqlarından, ölkənin yüksək səviyyəli dövlət orqanlarından gəlir. Fərəhləndirici haldır ki, Azərbaycan tarixinə Qarabağa “Böyük Qayıdışın” başlanğıcı kimi daxil olan Cocuq Mərcanlı kəndinə vətəndaşlarımızın qayıtmasından sonra bu kənddə uzun illərdən sonra fəaliyyətə başlayan ilk məktəbin direktoru məhz doğma filialımızın məzunu olub”, - deyə Yusif Alıyev söyləyib.

Yubiley tədbirinin sonunda incəsənət nümayəndələrinin konsert proqramı təqdim olunub.

Xəbər lenti