Logo

İlahiyyat İnstitutunda “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib - FOTOLAR

06.05.2022 18:10 437 baxış
IMG

Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfrans zamanı dini icmaların üzvləri arasında eyni mövzuda elan edilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən tədbirdə DQİDK, İnstitut və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə dini sahədə sabitliyə nail olunması, tolerantlıq mühitinin dövlət-din konsepsiyasına uyğun möhkəmləndirilməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən strategiyanın əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan xalqının spesifik keyfiyyəti kimi tolerantlığın dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi, onun möhkəmləndirilməsi, beynəlxalq miqyasda təbliğ edilməsi, eləcə də dünyada nümunə kimi qəbul olunmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu gün uzaqgörən siyasət çox mükəmməl şəkildə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda elan edilən yazı müsabiqəsinin önəminə toxunan S.Salahlı müsabiqə iştirakçılarının böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb. Qeyd edib ki, dini icmalar arasında təşkil olunan müsabiqəyə qatılanlar bugünkü dövlət siyasətinin mahiyyətində tolerantlığın dayanmasını başlıca amil kimi qiymətləndiriblər.

Aİİ-nun rektoru Aqil Şirinov Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. Ulu Öndərin xidmətlərinin nəticəsi olaraq, sütunları möhkəm bir dövlətin miras qoyulduğunu və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq ölkəmizin daha da inkişaf etdiyini vurğulayıb. Din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdıran rektor bu gün dini sahədə sabitliyin olmasını məhz Ümummilli Liderin xidmətləri ilə əlaqələndirib.

MDTF-nin icraçı direktoru Mehman İsmayılov öz növbəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində göstərilən qayğıdan bəhs edib. Ulu Öndərin ölkəmizdə multikulturalizmin siyasi əsaslarının banisi, dinlərarası harmoniyanı ən yüksək səviyyəyə çatdıran tarixi şəxsiyyət olduğunu qeyd edən M.İsmayılov yazı müsabiqəsinə diqqət çəkərək, təqdim edilən məqalələrdə Azərbaycan xalqının spesifik xüsusiyyəti olan tolerantlığa bir daha işıq salındığını deyib.

Konfransın sonunda yazı müsabiqəsinin qalibləri elan edilib, onlara mükafatlar təqdim olunub.

Qeyd edək ki, birinci yerin qalibi Lənkəran şəhəri Böyük Bazar "Cümə" məscidi dini icmasının üzvü, imam müavini Atif Arif oğlu Ağayev pul mükafatını qazilərə yardım üçün ianə edəcəyini bildirib.

Xəbər lenti