Logo

Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş respublika şahmat festivalı başa çatıb

06.05.2022 19:53 533 baxış
IMG

Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, şagirdlər arasında keçirilən respublika şahmat festivalının mükafatlandırma mərasimi baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, uşaq-gənclər idman-şahmat məktəblərinin rəhbərləri, tanınmış şahmatçılar iştirak edib.

Respublika şahmat festivalında ümumilikdə 43 rayon (şəhər) üzrə ümumtəhsil məktəblərindən 123 nəfər oğlan, 102 nəfər qız olmaqla 225 nəfər şagird iştirak edib. Beş gün davam edən festivalda məktəbli şahmatçılar 2-ci, 3-cü, 4-cü siniflər üzrə və komanda hesabında mübarizə aparıblar.

Yarışın nəticəsinə əsasən, 6 nəfər I, 6 nəfər II, 6 nəfər III yeri, komanda hesabında isə 1-ci yeri Sumqayıt şəhəri, 2-ci yer Gəncə şəhəri, 3-cü yeri Mingəçevir şəhər komandaları tutub. Təhsil Nazirliyi tərəfindən qalib komandalar və II, III, IV siniflər üzrə oğlan və qızlar arasında I, II, III yerləri tutan şahmatçılar diplom, medal, hədiyyə ilə, onların məşqçiləri hədiyyələrlə, komanda hesabında I, II, III yerləri tutan komandalar kubokla, fəal iştirakçılar isə diplomla mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat intellektual idman növünü təbliğ etmək və şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.

Xəbər lenti