Logo

Tanınmış bəstəkar Nailə Mirməmmədlinin əziz xatirəsinə

04.01.2021 14:40 1417 baxış
IMG

Bu gün çox acı bir xəbər aldıq. Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar,  BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Nailə Mirməmmədli ömrünün 59-cu ilində vəfat etmişdir.

 

Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur.

 

Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) bəstəkarlıq ixtisası üzrə təhsil almışdır. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 2020-ci ildən Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

 

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti qiymətləndirilmiş, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

 

N.Mirməmmədli 500-dən artıq musqiqinin bəstəkarı, xor aranjimanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında 70-ə yaxın elmi məqalə, BDU TV-də hazırlanan 20-yə yaxın musqili kompozisiyanın bəstəkarı olmuşdur.

 

COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində hazırladığı “Evdə qal” musiqisi, Vətən müharibəsi dövründə onun rəhbərliyi ilə hazırlanan “Zəfər Marşı”, “Şəhid anasıyam” kompozisiyası ölkə ictimaiyyətinə təqdim olunmuş və böyük rəğbətlə qarşılanmışdır.

 

BDU-nun 100 illik yubileyində səsləndirilən, BDU ailəsinin hər bir üzvünün dilində əzbərə dönən Bakı Dövlət Universitetinin himninin musiqisini bəstələmişdir.

 

Tofiq Quliyev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Nailə Mirməmmədli musiqi irsimizin nailiyyətlərindən bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirmişdir. Müxtəlif illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri bəstəkara şöhrət qazandırmışdır. Azərbaycan kinematoqrafiyasının bir sıra filmlərinə - "Böyük ömrün davamı" (2007)"Gecə qonağı" (2015), "Qayıdış" (2016) musqiqilər bəstələmişdir. "Azərbaycan səs salacaq", "Xocalı", "Laçın intizarda, Şuşam dardadır", "Azərbaycan bayrağı", "Ulu Öndər", "Əlvida", "Vətən", "Ana", "Azərbaycan", "Qovuşmaz", "İstiqlal günü" kimi məşhur musqiqlərin bəstəkarıdır.

 

Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi Nailə Mirməmmədli musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun  özünəməxsusluğu ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

 

Tanınmış bəstəkar, pedaqoq və səmimi insan Nailə Mirməmmədlinin xatirəsi BDU ailəsinin qəlbində daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin!

Xəbər lenti