Dərin təəssüf hissi ilə bildiririk ki, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Nailə Mirməmmədli bu gün 59 yaşında vəfat edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından unudulmaz sənətkarın ailəsi və yaxınlarına böyük hüznlə baş sağlığı veririk. ALLAH Rəhmət Eləsin!
Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub.1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisasını bitirən Nailə xanım 1981-1985-ci illərdə ADPU-da ( o vaxtkı adı V.İ.Lenin adına APİ) “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil almış, universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir. Təhsilini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında “Musiqişünaslıq” və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) “Bəstəkarlıq” ixtisasları üzrə təhsil alıb, konservatoriyanı da Fərqlənmə Diplomu ilə başa vurmuşdur.
1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, Bakı şəhərindəki 190 nömrəli orta məktəbdə müəllim, “Bənövşə” xorunda Xormeyster və Ansambl rəhbəri kimi fəaliyyət göstərib. 2003-cü ildən ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsində baş müəllim, dosent vəzifəsində, 2020-ci ildən isə BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsidə çalışmışdır.
Nailə Mirməmmədli 500-ə yaxın mahnının, xor aranjemanı, alətşünaslıq, musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün proqramların, 30-dan çox xalq mahnılarının, bəstəkar mahnılarının xor üçün işlənilməsinin müəllifidir. Həmçinin hərbi-vətənpərvərlik mövzusunda, əsgərlərimiz, döyüşçülərimiz haqqında, Qarabağ müharibəsində qələbəmizə həsr olunmuş bir çox yaddaqalan gözəl əsərlər yaratamışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüşdür.
Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi.
ADPU-nun Sosial və Humanitar məsələlər üzrə prorektorluğu