Tbilisidə “Cənnətim Qarabağ” adlı konsert proqramı təqdim olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, qonşu ölkədə “Şuşa ili” çərçivəsində keçirilən ilk tədbir böyük maraqla qarşılanıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında 44 günlük Vətən müharibəsinin mahiyyətindən söz açıb. O, müharibənin ilk günlərindən Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycana böyük mənəvi və maddi dəstək göstərdiyini xatırladıb.
Səfir müharibə dövründə Azərbaycana dəstək olan, Prezident, Ali Baş Komandan İlham Əliyevə məktub yazan Həcər Yusibova və digər kiçik soydaşlarımızı səhnəyə dəvət edib, onlara təşəkkürünü bildirərək səfirlik adından hər birinə noutbuk hədiyyə edib.
F.Quliyev Azərbaycana haqq mübarizisəsində Türkiyə və Gürcüstanın göstərdiyi böyük dəstəkdən də danışıb.
Diplomat Gürcüstan əsilli şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə də toxunub. O, şəhidlərdən bəhs edən sənədli filmin hazırlandığını və poçt markalarının buraxıldığını diqqətə çatdırıb. Qəhrəmanların tanıdılması məqsədilə bu istiqamətdə yeni təşəbbüslərin həyata keçiriləcəyini qeyd edən F.Quliyev şəhidlər haqqında işıq üzü görən kitabın yaxın zamanlarda təqdimatının nəzərdə tutulduğunu bildirib.
Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim Qarabağa, Şuşaya getmək arzusunu dilə gətirib. Şuşanı Azərbaycanın Zəfərinin rəmzi adlandıran diplomat Vətən müharibəsində əldə olunan Qələbənin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsi kimi qiymətləndirdiyini deyib: “Azərbaycanın Zəfər sevincini öz sevincimiz kimi yaşadıq. Türkiyənin Azərbaycana dəstəyi bir millət olmağımızın göstəricisi idi. Biz bir millətik və bu, əbədiyyətə qədər belə davam edəcək”.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının şagird və müəllim kollektivi müxtəlif mahnılar, rəqs, kompozisiya və səhnəciklər təqdim ediblər. AMK-nin tələbəsi, prezident təqaüdçüsü Nihad Orucov və əməkdar artist Firuzə İbadova “Azərbaycan”, “Mən səni araram” və digər mahnıları ifa ediblər. Tamaşaçılara “Şuşanın dağları”, “Xudayar” təsnifi, “Xarıbülbül” mahnısı, “Cənnətim Qarabağ” və “Cəngi” rəqsləri, “Xurşudbanu Natəvan”, “Üzeyir, Qurban, Bülbül” adlı səhnəcikləri, “Arşın mal alan” əsərindən parça da nümayiş etdirilib.
Konsert proqramına hamının bir yerdə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirməsi ilə yekun vurulub.