Gəncədə Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yeni nəşr olunan "Oliqarx" seriyasının təqdimatı və imza günü keçirilib.
Tehsil.biz xəbər verir ki, təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, KİV nümayəndələri və kitabsevərlər iştirak ediblər.
Maraqlı müzakirələr, sual-cavab, səmimi söhbət şəraitində keçən görüş zamanı Çingiz Abdullayev təqdimatı keçirilən Oliqarx" seriyası barəsində öz fikirlərini bölüşüb.
"Adətən kitabın qəhrəmanını mənə bənzədirlər. Lakin mən heç vaxt oliqarx olmamışam. İnsanın çətin vəziyyətə düşəcəyi zaman özünü necə aparacağı məni hər zaman düşündürüb. Əgər, hər hansı bir şəxs anidən milyonçu olarsa o, xoşbəxt olur, ya yox? Mənim fikrimcə olmur. Pul yaşamaq üçün insana kömək edə bilər, lakin heç vaxt xoşbəxt edə bilməz. Bu, mənim şəxsi fikrimdir" - deyə yazıçı bildirib.
"Oliqarx" seriyasından gələn gəlir müəllif tərəfindən "YAŞAT" Fonduna ianə ediləcək. Bu barədə söz açan Xalq yazıçısı 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz Zəfərdən də danışıb. “Biz, xalq olaraq, heç vaxt məğlubiyyətlə razılaşmamışıq”- deyən yazıçı, Qarabağı görməyən, lakin bütün varlığı ilə Vətənini, torpağını sevən gənc qəhrəmanların sayəsində qələbə əldə etdiyimizi qeyd edib. O, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyib.
Söhbət zamanı yazıçı gənc oxuculara bir sıra tövsiyələr də verib. Onlara daim mütaliə ilə məşğul olmağı, savadlı mütəxəssis kimi yetişməyi və gələcəkdə Vətənimiz naminə daha böyük işlərə imza atmaqlarını tövsiyə edib.