Logo

Heydər Əliyev məktəblilərin gözü ilə

09.05.2022 10:59 2604 baxış
IMG

Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş şəxsiyyətləri var. Azərbaycanın böyük oğlu, müdrik siyasətçi, dövlət başçısı və dövlət xadimi, böyük ürək və zəka sahibi olan Heydər Əliyev də məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladıdır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan xalqının oxuyub elm, bilik sahibi olmasına daim diqqət yetirmişdir. Çünki elmli, bilikli bir xalq işıqlı gələcəyə doğru inamla addımlaya bilərdi. O, “Təhsil millətin gələcəyidir”,- deyərək gənclərin təhsilinə böyük önəm verməyə başladı. Müxtəlif fərman və digər normativ-hüquqi sənədlər təsdiq etməklə təhsilimizin dünya standartları səviyyəsinə yüksəlməsi üçün geniş imkanlar yaratdı. Bununla da, Azərbaycanın tarixinin, ədəbiyyatının, coğrafiyasının öyrədilməsinə, mükəmməl dərsliklərin hazırlanmasına, xüsusilə Azərbaycan dilinin öyrədilməsinə, dövlət dili statusunda təbliğinə diqqət artırıldı.

Təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra bu sahəyə diqqətin yetirilməsi onu deməyə əsas verir ki, ölkədə həmin məsələ ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Bu səbəbdən təhsildə köklü islahatlar aparmaq Azərbaycan dövlətinin ali məqsədinə çevrilir. Bu mənada ulu öndər Heydər Əliyevin reallaşdırdığı təhsil siyasətinin müxtəlif aspektlərinin dünəninə və bugününə diqqət yetirmək zəruridir. Aydındır ki, Azərbaycanda elm və təhsillə bağlı siyasət artıq real şəkildə özünün müsbət təzahürünü göstərib və Ulu Öndərin layiqli davamçısı, Prezidentimiz  İlham Əliyevin düzgün daxili və xarici siyasəti ilə öz bəhrəsini verməkdədir.

Ulu Öndər özlərini vətən torpağının bir zərrəsi sayan gənclərin tərbiyə edilib yetişdirilməsində həmişə müəllim əməyinə, onun şəxsiyyətinə yüksək qiymət vermişdir. O deyirdi ki, müəllim adı şərəfli və yüksək addır. Müəllim vəzifəsi ona görə şərəflidir ki, o, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı, tərbiyəli, vətənpərvər vətəndaş hazırlayır. Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini, uşaqlarının tərbiyəsini yalnız ona etibar edir. Təhsil və tərbiyə prosesində müəllimin peşə hazırlığı, biliyi, mənəviyyatı mühüm əhəmiyyət daşıyır. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır” deyən dahi rəhbərimizin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq olmaq, təhsilalanlara mükəmməl, hərtərəfli bilik vermək üçün məktəblərdə müvafiq şərait, lazımi mühit yaradılmalı, müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, yetirmələrinə nümunə olmalıdır.

Heydər Əliyev hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi. Məktəblilərin sevimlisinə çevrilən Ulu Öndərə böyükdən kiçiyə kimi hamı Heydər baba deyirdi. “Uşaqlar bizim gələcəyimizdir”, - deyən Heydər Əliyev uşaqlarla elə davranardı ki, sanki yanlarındakı dünyanın ən məşhur siyasətçisi deyil, onların ailə üzvlərindən biridir. Doğrudan da, etdiyi xeyirxah əməlləri ilə Heydər Əliyev hər bir ailənin doğması böyük şəxsiyyət idi. O, gənc nəslə inanırdı. Elə buna görə də gənclərimizin yaxşı təhsil almaları üçün əlindən gələni əsirgəmirdi.

Bu gün ümumtəhsil müəssisələrində kiçikyaşlı uşaqlarda Heydər Əliyev şəxsiyyətinə hörmət hisslərinin aşılanmasında, ölməz rəhbərin ideyalarının həyata keçirilməsində məktəbin, xüsusilə ibtidai sinif müəllimlərinin rolu nədən ibarətdir?

Məlumdur ki, Heydər Əliyev ideyalarının, irsinin əzəmətini başa düşməyin bünövrəsi, əsası ibtidai siniflərdə qoyulur. Odur ki, bu işdə mümkün qədər sistemli və ardıcıl çalışmaq lazımdır. Təhsilalanların tərbiyəsinin ibtidai təhsil illəri üçün perspektiv planlaşdırma təcrübəsi Ulu Öndərin nümunəsində gündəlik iş kimi adi hala çevrilməlidir. Məhz elə ibtidai təhsildən başlayaraq dahi şəxsiyyətin obrazını açıb göstərmək, onun Azərbaycana məhəbbəti, yurd təəssübkeşliyi, xalqa, vətənə vurğunluğu haqqında uşaqlara bu yaşlardan ardıcıl əsaslı bilik və məlumatlar vermək lazımdır. Tərbiyə işində şəxsiyyətin nümunəsi və irsinin təsir gücü əsas faktordur. Təhsilalanlar valideynlərin, müəllimlərin, televiziyada gördükləri, kitablar vasitəsi ilə tanış olduqları görkəmli şəxsiyyətlərin həyat yolunu, irsini, təcrübəsini, əməllərini öyrəndikcə onlara bənzəməyə çalışırlar.

İbtidai sinifdə təhsilalanların pedaqoji tərbiyəsi işi prosesində müəllim, həm də uşağı vətəndaşa çevirməli, dövlətin və onun ictimai sisteminin mahiyyətini ona başa salmalı, ölkə qayda-qanunlarına riayət etməyi öyrətməli, uşaqda ölkənin dövlət rəmzlərinə hörmət hissi aşılamalıdır. Uşaqlarda Vətənə məhəbbət hislərinin tərbiyəsində müəllim hər bir təhsilalanda belə bir fikir formalaşdırmalıdır ki, o da bir ailənin üzvüdür və o cəhətdən sağlam olmağa çalışmaq, həm də vətənə olan məhəbbətdən irəli gəlir. Çünki fiziki cəhətdən sağlam vətəndaş öz vətəninə, xalqına yaxşı xidmət göstərə bilər.

İbtidai sinifdə təhsilalanlara milli-mənəvi dəyərlərimizə, xalqımızın mentalitetinə - kiçiklərin böyüklərə, o cümlədən yaşlılara, övladların öz valideynlərinə, təhsilalanların müəllimlərinə xüsusi hörmətlə yanaşmasına ciddi şəkildə çalışılmalıdır. Müəllim təhsilalanlara Heydər Əliyevin ömür yolu, siyasi fəaliyyəti, dövlətçilik uğrunda dönməz əzmkarlığı, milli ideologiyanı formalaşdırması, bir sözlə, Müstəqil Azərbaycanın yaradıcısı olması kimi yüksək keyfiyyətlərini müxtəlif dərslik, dərs vəsaitləri, əlavə oxu materialları vasitəsi ilə çatdırmalıdır. Ümummilli Liderin həyat yolunu, xalqının qəlbində əbədi yaşamasını təmin edən fədakarlığını, işıqlı gələcəyimizin məşəli olmasını özündə işıqlandıran belə vəsaitlər çoxdur. Bu vəsaitlərin sırasında, hər şeydən əvvəl,  şagirdin hər gün təmasda olduğu dərslik və dərs vəsaitləri durur. Bu gün istifadəmizdə olan dərsliklərdə Heydər Əliyev şəxsiyyətini məktəbyaşlılara aşılayan müxtəlif mövzular, mətnlər vardır. Məsələn, 2-ci sinifin “Azərbaycan dili” dərsliyində “Heydər Əliyevin kəlamları” mətni ilə dərslik müəllifləri Azərbaycan dövlətinin tarixində müstəsna xidmətləri olan dahi liderin “Xalq öz şəxsiyyətləri ilə tanınır, sayılır və dünya xalqları işərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi və böyüyü mədəniyyətdir”sözləri ilə mədəniyyət xadimlərinə daim qayğısının əsl səbəblərini vermiş olurlar.

Azərbaycan-Türkiyə dostluğundan söhbət düşəndə siyasi xadimlər deyirlər: Ulu öndər Heydər Əliyev demişkən, biz bir millət, iki dövlətik. Dahi rəhbərin bu kəlamlarından uşaqlarımız  xalqlarımızın çoxəsrlik tarixini öyrənmiş olurlar. 

3-cü sinifin “Azərbaycan dili” dərsliyində verilmiş “Müdrik rəhbər” mətnində Ağdam rayonunun işğalından sonra Bakıda yaşayan 4-5 yaşlı bir uşağın məskunlaşdıqları yerdə Heydər Əliyevin onlarla görüşməsi və doğma yurdumuz haqqında danışması, hər kəsin öz tarixini mükəmməl bilməsi barəsindəki sözləri məktəblilərin yaddaşında əbədi qalacaqdır.

Çoxillik iş təcrübəm onu göstərir ki, əlavə oxu materiallarından səmərəli istifadə etməklə müəllim tədrisin təşkilində uğur qazana bilir. İstənilən mövzunun mənimsədilməsində əyani vəsaitələrin, didaktik təlim materiallarından istifadənin böyük əhəmiyyəti vardır. Bu mənada Ümummilli Liderin dahi şəxsiyyət kimi məktəblilərin hafizəsində, yaddaşında ömürlük qalması üçün onun bir xilaskar kimi digər türk sərkərdələri ilə müqayisəli öyrədilməsi də böyük effekt verir. Belə nümunəvi dərslərdən biri kimi “Dahi türk sərkədələri” mövzusunun tədrisini vacib bilərək sinifdə müxtəlif təlim materiallarından istifadə etməklə ulu öndər Heydər Əliyevin Türk dünyasının böyük şəxsiyyətlərindən olan Mustafa Kamal Atatürklə birgə öyrədilməsini qarşıya məqsəd qoymuş və son günlər təşkil etdiyim dərslərin birində şagirdlərin nəzərini turk dünyasının bu iki xilaskar oğlunun həyat-fəaliyyətinin mənimsədilməsinə yönəldə bilmişəm.

Hər il mayın 10-u Ümummilli Liderin doğum günü ölkə miqyasında böyük təntənə ilə qeyd edilir. Artıq hər yerdə olduğu kimi təhsil müəssisələrində də xalqımızın xilaskarının adına layiq tədbirlər keçirilir, xatirəsi yad edilir. Mən də çalışdığım məktəbin kollektivi ilə birlikdə  tədbirlər keçirir və bu böyük şəxsiyyətin hamıya örnək olan şərəfli həyat yolunu müxtəlif tədris resurslarıvasitəsilə şagirdlərimizə öyrətməyə çalışıram.

Düşünürəm ki, tədris vəsaitlərində verilmiş belə mətnlərlə gələcəyimizn təminatçısı olan uşaqlarımızı Heydər Əliyev ideyaları ruhunda tərbiyə etməli, onların ideya-siyasi baxışlarını Ulu Öndərin həyat və fəaliyyəti nümunəsində formalaşdırmalı, onların mənəvi cəhətdən kamil şəxsiyyət kimi yetişməsinə çalışmalıyıq.

Sevda BALAKİŞİYEVA,

Bakı şəhəri 202 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Xəbər lenti