Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə çempionata yekun vurulub.
Tehsil.biz xəbər verir ki, çempionatın final qarşılaşmasında III yer uğrunda keçirilən oyunda Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Bakı Dövlət Universitetinin komandasını məğlub edərək çempionatın qalibi olub.
Oyunlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş çempionatın bağlanış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri, veteran futbolçular və digər rəsmi şəxslər iştirak edib.
Bağlanış mərasimində çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə, idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, bu münasibətin nəticəsi olaraq əldə olunan uğurlardan söz açıb. Nazir müavini bu çempionatın tələbələr arasında mini-futbolun təbliği və kütləviliyində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını qeyd edib, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Sonda yarışlarda fərqlənən 3 tələbə futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” “və “Ən yaxşı hücumçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, I, II, III yerləri tutan komandalar medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, çempionat Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə təşkil olunub. Yarışlarda 16 ali təhsil müəssisəsinin komandaları iştirak edib.
Çempionatın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev irsinin təbliği, idmanın kütləviliyinin təmin olunması və bu idman növünün inkişaf etdirilməsindən ibarət olub.