Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirakçıların suallarını dolğun cavablandırması, Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırması regionda yaranmış yeni reallıqlara aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyəti ilə diqqət çəkdi. Bir daha göründü ki, müharibə dövründə olduğu kimi, postkonflikt mərhələdə də ölkə rəhbərinin informasiya sahəsində ardıcıl fəaliyyəti beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynayır.
Dövlətimizin başçısı konfransda çıxışı zamanı bildirdi ki, müharibə başa çatandan sonra Ermənistanın mina xəritələrini verməməsi səbəbindən ötən müddət ərzində çox sayda azərbaycanlı həlak olub və ya yaralanıb. Mənfur düşmən işğaldan sonra nəinki bütün yaşayış sahələrini, infrastrukturu, təmas xəttinə yaxın olan əraziləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb, hətta müharibədən sonra təhlükəli zonaların xəritəsini verməkdən belə imtina edir. Sözsüz ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda görməli olduğu işlərə böyük əngəl budur. Elə Prezident İlham Əliyev də konfransda vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzurda başlanan tikinti-quruculuq layihələrinin icrasını ləngidən ən böyük çətinliklərdən biri məhz minalar problemidir.
Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq, vandalizm aktları törədilib, bütün şəhər və kəndlər dağıdılıb. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında, qismən Zəngilanda və Şuşada Ermənistan hökumətinin maliyyə dəstəyi ilə qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilib, bu isə beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin konfransda bildirdiyi kimi, Qarabağ və ətraf bölgələrimizdə bərpaolunan enerji mənbələrinin reallaşdırılmasına böyük önəm verilir. Prezidentin ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam da bunun bariz nümunəsidir...
Beləliklə, sözügedən beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrinin beyin mərkəzləri üçün çox faydalı oldu. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin politoloqlarla açıq və səmimi dialoqu Cənubi Qafqaz regionu üzrə və ümumilikdə beynəlxalq məsələlərə dair analitik tədqiqatlar üçün yaxşı stimuldur.
Artıq beynəlxalq aləm də şahid oldu ki, 44 günlük müharibədə böyük Qələbə əldə edən Azərbaycan gələcəyə inamla baxır, regionu sabitlik və tərəqqi məkanına çevirmək üçün dayanıqlı sülhə nail olmağa çalışır, bu yolda bütün gərəkli addımları atır. Heç şübhə yoxdur ki, ölkə başçısının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yönəlmiş ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən əhəmiyyətli güc olacaqdır.
Könül Pirverdiyeva,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru