6 may 2022-ci il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, pedaqoji elmlər doktoru, bəstəkar, professor Oqtay Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Tehsil.biz xəbər verir ki, konsertdən öncə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, YUNESKO-nun “Sülh Artisti”, “Şöhrət” ordenli”, professor Firəngiz Əlizadə və Əməkdar müəllim, elmlər doktoru, professor Vidadi Xəlilov yubilyar haqqında dəyərli fikirlər söyləyib.
Konsertin birinci hissəsində Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Orxan Həşimov) bəstəkarın “Qarabağ Azərbaycandır” simfoniyasını, “Yəhudi” mövzusunda Rapsodiyasını, Kamança və orkestr üçün Konsertinin I hissəsini (solist Respublika və beynəlxalq müsabiqələr laureatı Mehri Əsədullayeva) səsləndirib.
Konsertin ikinci hissəsində “Buta” İnstrumental ansamblının (bədii rəhbər Rövşən Qurbanov) müşayiəti ilə bəstəkarın bir-birindən dəyərli “Anam Azərbaycan”, “Necə unudum səni?”, “Zəfəran”, “Daha nə istəyirsən?”, “Faytonçu”, “Sevərsənmi?” və digər mahnıları, solistlər Xalq artisti Heydər Anatollu, Əməkdar artistlər Almaz Orucova, Gülüstan Əliyeva, solistlər Rəvanə Qurbanova, Rövşən Əziz, Aynur İsgəndərli, Taleh Yəhyayev, Zülfiyyə Məmmədovanın ifasında dinləyicilərə təqdim olunub.
Konsertdə bəstəkarın sənət yoldaşları, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib.