Görkəmli yazıçı və dramaturq Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatının, eləcə də dramaturgiyasının, teatr və kino sənətinin inkişafında böyük xidmətlər göstərib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən martın 4-də “Azərbaycan mədəniyyəti kontekstində Sabit Rəhman mətnlərinin semantikası” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, konfransın məqsədi milli mədəniyyət tariximizdə xüsusi yeri olan ədibin çoxşaxəli yaradıcılığını bir daha fərqli baxış bucağından tədqiqat müstəvisinə çəkmək, mətnlərinin semantikasını araşdırmaq, Azərbaycan mədəniyyətində Sabit Rəhman fenomenini şərtləndirən amilləri müəyyən etməkdir. Konfransda Sabit Rəhman yaradıcılığı ilə məşğul olan ədəbiyyatşünaslar, kulturoloqlar, incəsənət xadimləri, sənətşünas alim və mütəxəssislər, doktorant, dissertant və magistrantlar iştirak edə bilərlər. Arzu edənlər iştiraketmə ərizəsini və məruzəni elektron formada fevralın 20-dən gec olmayaraq [email protected] ünvanına göndərməlidirlər.
Təşkilat komitəsi konfransın mövzu dairəsinə uyğun gəlməyən və tələblərə cavab verməyən materialları dərc etməmək hüququnu özündə saxlayır.
Məruzənin qəbulu barədə məlumat fevralın 28-dək müəllifə ərizədə göstərdiyi ünvan vasitəsilə çatdırılacaq. Qəbul edilmiş məruzələrin konfransdan sonra toplu halında nəşr edilməsi nəzərdə tutulur.
Konfrans haqqında elanın elektron formatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin saytında yerləşdirilib.