Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının dəstəyi ilə mayın 9-da Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı xeyriyyə konserti keçirilib.
Tehsil.biz xəbər verir ki, konsertdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar iştirak ediblər.
Konsertdən öncə çıxış edən nazir müavini Elnur Əliyev ölkəmizin əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulanıb, mədəni ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd edib.
Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunub.
Böyük anşlaqla keçən konserti izləyən tamaşaçılar hər nömrədən sonra sürəkli alqışlar səsləndirilib.
Bilet satışından əldə olunan vəsait Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcək.