Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələr qiymətləndirilib.
TKTA-dan "Tehsil.biz"ə verilən məlumata görə, Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “Universal Pro” MMC-nin İnsan resursları və inzibati şöbəsinin müdiri İlfanə Pənahova, müstəqil ekspert qismində isə satış üzrə mütəxəssis, təlimçi Altay Əliyev cəlb edilib.
“HR OPTION” MMC-nin təşkilati dəstəyi ilə həyata keçirilən nəzəri imtahan mərhələsindən uğurla keçən ərizəçilərin sözügedən peşə ixtisasının “Qeyri-ərzaq mallarının ekspertizası”, “Ərzaq mallarının ekspertizası”, “Ticarət müəssisələrinin avadanlığı”, “Ticarətdə uçot və hesabat, ticarət hesablamaları”, “İstehsalat təcrübəsi” və “Ticarətin təşkili” ixtisas modulları üzrə bacarıq, səriştə və təcrübələri qiymətləndirilib.
Yekunda agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi (diplom) ilə təltif ediləcək və “Azərbaycan Supermarket” MMC tərəfindən müvafiq ixtisas üzrə işlə təmin olunacaqlar.