Müstəqil Azərbaycan dövlətinin memarı, əziz və unudulmaz xatirəsi hər zaman bizimlə olan ümummilli liderimiz Heydər Əliyevin anadan olmasından 99 il ötür. Ulu öndərimizin əbədiyaşar mənəvi ömrünün 99-cu zirvəsindən ötən illərə baxdıqca, bir daha şahid oluruq ki, XX əsrin 70-ci illərindən başlayaraq ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində məhz Heydər Əliyev fenomeni, bu nadir şəxsiyyətin parlaq fəaliyyəti dayanır.
Ulu öndərin bütün nəsillərə örnək olan ömür yolunun hər bir səhifəsi, hər bir anı xalqımızın rifahına, dövlətimizin və dövlətçiliyimizin hərtərəfli inkişafına həsr olunub. Müdrik rəhbərimizin həyatının məqsədi, başlıca amalı doğma xalqının xoşbəxtliyi idi. Dahi şəxsiyyət heç bir ölçüyə sığmayan belə mənəvi keyfiyyətlərinə görə qədirbilən xalqımız tərəfindən, haqlı olaraq, ümummilli lider adlandırılır.
Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən təkcə gördüyü işlərlə deyil, tarixi yaradan şəxsiyyət kimi XX əsrin əvvəllərində dövlət müstəqilliyini itirmiş, ağır məhrumiyyətlərə, ümidsizliyə düçar olmuş xalqımızın suverenlik arzularının yenidən boy atmasında nəhayətsiz xidmətlər göstərirdi. Sovet hakimiyyətinin ən kəskin dövrlərində ulu öndər Azərbaycanın həyatında yeni mərhələnin təməlini qoydu, müstəqil dövlət quruculuğuna gedən yolun strategiyasını müəyyənləşdirdi.
Sovet imperiyasının amansız təqib və təzyiqlərinə baxmayaraq, ötən əsrin 70–80-ci illərində ulu öndər Heydər Əliyev xalqmızın milli ruhunun dirçəlməsi, tarixi yaddaşımızın bərpası, soy-kökümüzə qayıdışla bağlı əvəzsiz xidmətlər göstərdi. Məhz həmin illərdə bu dahi şəxsiyyətin səyləri nəticəsində Azərbaycan Sovet İttifaqının geridə qalmış kənd təsərrüfatı respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrildi. Qısa zaman ərzində Azərbaycan iqtisadi artım sürətinə görə orta ittifaq səviyyəsini ötüb keçdi. 1969–1982-ci illərdə respublikada milli gəlir 2,5 dəfə, sənaye məhsulları istehsalının real həcmi 2,7 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 2,3 dəfə artdı, 173-dən çox yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi, mövcud müəssisələr yenidən qurularaq genişləndirildi və yeni istehsal sahələri istismara verildi.
Xalqımızın dahi oğlunun hərtərəfli diqqət və qayğısı ilə əhatə olunan sahələrdən biri də hər bir xalqın inkişafının məhək daşı hesab olunan elm və təhsil sahələri idi. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq respublikada yüzlərlə yeni məktəb istifadəyə verildi, ali təhsil müəssisələrinin sayı və onların qəbul planları artırıldı, tələbə qəbulunda şəffaflıq və ədalətlilik təmin olundu.
Ulu öndər ötən əsrin 70–80-ci illərində Azərbaycanda təhsilin məzmununun, keyfiyyətinin yüksəldilməsi, elm və təhsil mühitinin sağlamlaşdırılması ilə paralel olaraq bu sahənin öz dövrü üçün ən müasir maddi-texniki baza ilə təmin olunmasına da nail olmuşdu. Bunun nəticəsində elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində o dövrün müasir avadanlıqlarla, cihazlara təchiz edilmiş elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ölkədə fundamental elmi istiqamətlərin inkişafında müstəsna rol oynadılar.
Bütün bu islahatların məntiqi nəticəsi kimi cəmiyyətdə elm sahəsinə böyük maraq formalaşdı, istedadlı gənclərin elmə üz tutmasına stimul yarandı. Elmi-tədqiqat institutlarında və ali məktəblərdə elmlər namizədlərinin və elmlər doktorlarının sayında əhəmiyyətli artım müşahidə olunmağa başlandı. Müqayisə üçün qeyd edək ki, 1969-cu ildə respublikada 329 elmlər doktoru, 3 min elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində müvafiq olaraq 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi qeydə alınmışdı. Bu faktın özü elmi kadr hazırlığının ulu öndərimiz üçün nə dərəcədə prioritet istiqamət olduğunun bariz və parlaq nümunəsidir.
1970–1980-ci illərdə respublika rəhbərinin şəxsi nüfuzu və yüksək təşkilatçılıq məharəti hesabına yüzlərlə azərbaycanlı gənc keçmiş ittifaqın nümunəvi elm və təhsil ocaqlarına göndərildi. Statistikaya nəzər salsaq, görərik ki, həmin dövrdə keçmiş SSRİ-nin 50-dən çox böyük şəhərində yerləşən 170 qabaqcıl ali təhsil və elm müəssisəsinə 15 mindən artıq istedadlı gənc soydaşımız təhsil almağa göndərilmişdi. Bu, həmin dövrdə misli görünməmiş və digər ittifaq respublikaları ilə müqayisədə olduqüca böyük göstərici idi. Məhz həmin gənclər ən müxtəlif, xüsusilə zəruri peşələrə yiyələnərək sonradan müstəqil Azərbaycanda elm və təhsilin, sənayenin inkişafına böyük töhfələr verdilər.
Ulu öndərin böyük səyləri nəticəsində çarizm dövründə hərbi xidmətə aparılmayan, sovet dövründə isə əsasən tikinti taborlarında xidmət keçməyə məhkum edilən və beləliklə, məqsədli şəkildə hərb sənətindən uzaqlaşdırılan azərbaycanlı gənclərin hərb sənətinə yiyələnməsi üçün, ən əsası – gələcəkdə müstəqil Azərbaycanın Ordusunu peşəkar, milli ruhlu, vətənpərvər zabitlərlə təmin etmək məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu hərbi məktəbdə yetişən vətənpərvər zabitlərin müstəqil Azərbaycan Ordusunun zabit korpusunun formalaşmasındakı müstəsna rolunu, Qarabağ savaşındakı əvəzsiz xidmətlərini göz önünə gətirəndə onun böyük çətinliklərdən, maneələrdən keçərək yaradılması barədə müdrik qərarın tarixi əhəmiyyətini daha aydın təsəvvür etmək olur. Məhz həmin hərbi məktəbdə yetişmiş, formalaşmış zabitlər müstəqil Azərbaycan Ordusunun qurucuları oldular. Bu ixtisaslı hərbçilər nəsli Birinci Qarabağ müharibəsində və tarixi zəfərlə başa çatan Vətən müharibəsində öz peşəkarlıqlarını, vətənpərvərliklərini nümayiş etdirdilər, qəhrəmanlıqlar göstərdilər.
1982-ci ildə Sov. İKP MK Siyasi Bürosuna üzv seçilən, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunan Heydər Əliyev Sovet İttifaqında siyasi hakimiyyətin zirvəsinə yüksəlməklə, bütün imkanlardan yararlanaraq doğma xalqının tərəqqisinə çalışdı. Xalıqmızın qeyrətli oğlu Azərbaycanın iqtisadi, sosial, mədəni inkişafı üçün misilsiz işlər gördü, ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verdi. Onu da xüsusi vurğulamaq lazımdır ki, ulu öndərin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsindəki yüksək idarəçilik məharətinə və müstəsna təşkilatçılığına görə ötən əsrin 80-ci illərinin əvvələrində, keçmiş SSRİ-də təhsil islahatlarının həyata keçirilməsi Nazirlər Soveti sədrinin birinci müavini kimi məhz ona tapşırılmışdı.
Hər zaman səmimiliyi və eyni zamanda cəsarəti ilə seçilən nadir siyasətçi Heydər Əliyev 1987-ci ildə Sovet İttifaqı rəhbərliyinin və şəxsən M.Qorbaçovun yanlış siyasətinə etiraz olaraq tutduğu bütün vəzifələrdən istefa verdi. Lakin xalqına güvənən böyük şəxsiyyət bir an belə xalqının taleyi ilə bağlı məsələlərdən kənarda qalmadı. Doğma Vətəninə tükənməz sevgisi, ali ehtiramı onu daha inamla, əzmlə çalışmağa sövq etdi. Müdrik rəhbərin Moskvadan Azərbaycana qayıdaraq, doğulub-böyüdüyü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu.
Məhz bu dövrdə böyük rəhbərin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində blokada şəraitində yaşayan Naxçıvan sözün əsl mənasında xilas edildi. Ulu öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə – ölkəmiz hələ müstəqilliyini əldə etməmişdən əvvəl böyük cəsarət nümayiş etdirərək Xalq Cümhuriyyətinin dövlət atributlarını muxtar respublikanın rəsmi rəmzləri kimi təsdiq etdi. Bu cəsarətli addım müstəqilliyimizə gedən yolda dönüş nöqtəsi idi. 1992-ci ildə Naxçıvanda sonradan, bütünlüklə, regionun ən böyük və monolit siyasi partiyasına çevriləcək Yeni Azərbaycan Partiyasını yaratmaqla ümummilli lider Heydər Əliyev ölkəmizin o illərdəki hərc-mərclik, özbaşınalıq axınındakı səbatsız, dağınıq siyasi həyatına yeni siyasi sistem gətirdi.
1993-cü ildə xalqın çağırışına səs verən Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdığı 15 iyun tarixi Azərbaycanın müasir dövrünün dönüş nöqtəsi oldu. Məhz bu qayıdış Azərbaycanı bir dövlət kimi yox olmaq təhlükəsindən birdəfəlik xilas etdi. Bu mənada, qədirbilən xalqımız haqlı olaraq həmin tarixi hər il Milli Qurtuluş Günü kimi qeyd edir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə iqtisadiyyatın və sənayenin bütün sahələri sürətlə inkişaf etdi, əhalinin rifahı yaxşılaşdı, ölkəmiz diplomatik cəbhədə böyük uğurlar qazandı.
Ulu öndərimizin rəhbərliyi ilə peşəkar ordunun formalaşdırılması, silahlı qüvvələrin vahid komandanlıq altında səfərbər olunması, cəbhədə uğurlu döyüş əməliyyatlarının aparılması düşməni atəşkəs sazişini imzalamağa məcbur etdi. Atəşkəs dövründə peşəkar ordu quruculuğu, diplomatik savaşda qazanılmış uğurlar və ölkəmizin iqtisadi cəhətdən inkişafı Azərbaycanın mövqelərini günbəgün möhkəmləndirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və digər iqtisadi layihələrlə dövlətimizin rifah halı yüksəldi.
90-cı illərin gərgin ictimai-siyasi şəraitinə baxmayaraq, elm və təhsil sahəsi ulu öndər Heydər Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunurdu. “Təhsil millətin gələcəyidir” – şüarını irəli sürən dövlət başçısı yenidən hakimiyyətə qayıtdıqdan sonra mütəmadi olaraq alimlərlə, pedaqoqlarla görüşür, ölkənin gələcək quruculuğu ilə bağlı səmərəli müzakirələr aparırdı. Bütün bunların nəticəsində elm və təhsil sahəsində əsaslı islahatlar həyata keçirildi, respublikamızın beynəlxalq nüfuzu yüksəldi, ölkənin elm və təhsil potensialı gücləndi.
Ölkə rəhbəri tərəfindən 1998-ci ildə “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyasının yaradılması haqqında” Sərəncam imzalandı, bu sahənin hüquqi bazası yaradıldı, konseptual əsasları formalaşdırıldı. Ölkəmizdə akademik elmi mühitin, təhsil sferasının müasir dünyada təsdiqini tapmış beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əməli addımlar atıldı.
Dünya şöhrətli ulu öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, elmimizin və təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetinə (BDU) hər zaman qayğı ilə yanaşmışdır. Universitetdə təhsilin inkişafı, elmi mühitin formalaşdırılması hər zaman ulu öndərin diqqət mərkəzində olmuşdur.
Azərbaycan rəhbəri Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində universitetin kadr potensialının, maddi-texniki bazasının güclənməsinə əvəzsiz töhfələr vermişdir. Ümummilli liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir. Bu tarixi mərhələnin hər bir anı universitetimizin qədirbilən kollektivi və milli ruhlu tələbələri üçün doğmadır, əzizdir. Bu gün fəxrlə söyləyirik ki, BDU-nun ən böyük, dünya şöhrətli məzunu ulu öndərimiz Heydər Əliyevdir.
Ulu öndərin ötən əsrin 70-ci illərindən müntəzəm qayğısı ilə əhatə olunan doğma universitetimiz son 19 ildə isə Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Möhtərəm Prezidentimizin sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin 2019-cu ildə təntənəli şəkildə qeyd edilməsi, alimlərimizin əməyinə yüksək qiymətin verilməsi, onların ali dövlət mükafatları ilə təltif edilməsi universitetin 100 illik tarixinin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Universitet kollektivi həmişə olduğu kimi, bu gün də ulu öndərin siyasətini, cənab Prezidentimizin müəyyənləşdirdiyi prioritetləri rəhbər tutaraq öz fəaliyyətini davam etdirir və ölkəmizin inkişafı naminə əzmlə çalışır. Universitetin çoxminli kollektivi və tələbələri Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən ilhamlanaraq Azərbaycanda elmin, təhsilin inkişafına, vətəndaş cəmiyyəti quruculuğuna öz töhfələrini verməkdə davam edir.
Kollektivimiz, tələbələrimiz respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsində, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf doktrinasının parlaq şəkildə həyata keçirilməsində öz missiyasını yerinə yetirir, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunaraq elmimizə və təhsilimizə xidmət göstərməkdən şərəf duyur.
Bu gün ümummilli liderimiz Heydər Əliyevin bütün arzuları, ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, anadan olmasının 99-cu ildönümündə ulu öndərin ruhu şaddır. Çünki müstəqil Azərbaycan dövlətinin qurucusunun ən böyük arzusu gerçəkləşib.
Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev müzəffər ordusu, müzəffər xalqı ilə birlikdə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb. Tarixi zəfərdən keçən qısa dövr ərzində azad Qarabağımızda misilsiz quruculuq işləri həyata keçirilir, düşmənin xarabaya çevirdiyi torpaqlarımıza yeni ruh, yeni nəfəs gəlir.
Elçin BABAYEV,
Bakı Dövlət Universitetinin rektoru