Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri may-iyun ayları ərzində beş mədəniyyət ocağında tamaşa və konsertlərə baxmaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Mədəni gəncliyə ilk ev sahibliyini S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı edəcək. Gələcəyin sahibləri may ayının 12-də “çör-çöp yığan” Müsyö Jordanla “şarlatan” Məstəlişahın əyləncəli və düşündürücü mübarizəsinə tamaşa edəcəklər. Həm də, sadəcə, baxmaqla kifayətlənməyəcək, kollektivlə görüşəcək, sorğuda iştirak edərək ən çox bəyəndikləri teatrı, tamaşanı, rejissoru, aktyor və aktrisaları qiymətləndirmək imkanı qazanacaqlar. Hətta istəsələr, baxdıqları tamaşalar haqqında məqalə də yazacaqlar. Yazıların dərc olunmasını isə Mədəniyyət qəzeti və Teatro.az sənət portalı öz üzərinə götürür.
Gənclərin incəsənətə marağının artırılması, ölkənin mədəni proseslərində fəal iştiraka təşviqi, bir sözlə “mədəni gəncliyin” formalaşdırılması ilə müasir Azərbaycan gənci və Azərbaycan mədəniyyəti arasında körpü salmağı, milli mədəniyyətimizə sahib çıxacaq “mədəni gənc” profilini yaratmağı hədəfləyirik.