Logo

İcra başçısı Ege Universitetinin rektoru ilə görüşüb - FOTO

11.05.2022 13:54 434 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Respublikasının Ege Universitetinin rektoru professor Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İH-dən "Tehsil.biz"ə verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı Prof. Dr. Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri Prof. Dr. Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı Prof. Dr. İlkin Şüngün iştirak ediblər.

Görüşdən əvvəl ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin Baş meydanında olan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Niyazi Bayramov qonaqlara Gəncə şəhərinin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan-Türkiyə münasibətlərindən söz açıb. O qeyd edib ki, Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələri Türkiyənin bir çox universitetləri ilə qarşılıqlı əlaqələr qururlar. Bu əməkdaşlıqların nəticəsi olaraq, birgə elmi tədqiqatlar aparılır, konfrans, seminar və simpoziumlar təşkil olunur, müəllim və tələbə mübadiləsi həyata keçirilir. “Azərbaycanda aqrar mütəxəssis yetişdirən yeganə universitet olan ADAU ilə Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan Ege Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması da sevindirici və təqdirəlayiq haldır”, – deyə şəhər rəhbəri bildirib.

Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak Gəncədə olmaqdan məmnunluq ifadə edib və rəhbərlik etdiyi ali təhsil müəssisə barədə məlumat verib. O bildirib ki, Ege Universiteti Türkiyənin 20 May 1955-ci il tarixində nəşr olunan 6595 saylı Qanunu ilə 9 Mart 1956 ildə, İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin 4-cü universiteti olaraq fəaliyyətə başlamışdır. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan bu ali təhsil müəssisəsində 80 minə yaxın tələbə təhsil alır. O bildirib ki, Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov bildirib ki, universitetlər arasında imzalanan ikitərəfli ikili diplom proqramları barədə müqaviləyə əsasən hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil almaq imkanı qazanıblar. Dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılır. Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunur.

Qeyd edək ki, Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyətinin Gəncə şəhərinə səfərinin əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universiteti ilə yaxından tanış olmaqdır. Bu gün hər iki təhsil müəssisəsinin rəhbərlərinin iştirakı ilə “İkili Diplom Proqramlarının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi” mövzusunda görüş keçiriləcək.

Xəbər lenti