Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilib.
Tehsil.biz xəbər verir ki, cari ilin 10 may tarixində keçirilən tədbirdə Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin başçıları və müavinləri, digər dövlət qurumunlarının məsul əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir ilk öncə Ulu Öndərin abidəsi qarşısında gülqoyma mərasimi ilə başlayıb. Daha sonra müvafiq region üzrə musiqi məktəblərinin şagirdlərinin mövzuya uyğun, eyni zamanda Qarabağ və vətənpərvərlik tematikasında hazırladığı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə çıxış edib, dahi şəxsiyyət ilə olan görüş və xatirələrini iştirakçılarla bölüşüb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli çıxışında ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə gördüyü işlər barədə fikirlərini səsləndirib. Sonra Kollecin direktoru Səbinə Mehdiyevanın layihə rəhbərliyi ilə lentə alınan ulu öndərin 99 illiyinə həsr olunmuş flaşmob geniş auditoriyaya eksklüziv olaraq ekran üzərindən təqdim edilib.
Proqramın bədii hissəsində Sumqayıt Musiqi Kollecinin Kamera Orkestri, Kollecin Xor kollektivi, Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinn Xor kollektivi, Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri, eyni zamanda Respublika Muğam Musabiqəsinin qalibləri zəngin proqramla çıxış ediblər.
Tədbir geniş auditoriyaya ilk dəfə təqdim olunan S.Fərəcovun “Böyük vətəndaş haqqında oda” kompozisiyası ilə yekunlaşıb.