Logo

"eTwinning" üzrə mükafatlandırma tədbiri keçirilib

12.05.2022 09:35 103 baxış
IMG

Mayın 11-də  “eTwinning Plus” layihəsi çərçivəsində Avropa Mükafatı qazanmış müəllimlər və “My Big İdea” müsabiqəsində qalib olmuş şagirdlər üçün mükafatlandırma mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, gələcək nəslin inkişafının bu günün müəllimlərindən asılı olduğunu nəzərə alaraq təhsil sistemində müəllim və şagirdlər üçün belə imkanların yaradılması çox vacibdir. Nazir müavini vurğulayıb ki, bu layihə hər bir təhsilverən üçün beynəlxalq təcrübədən istifadə etmək, fərqli mühitlərdə müasir metodlardan istifadə edərək tədris etmək imkanı yaradır.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri və "eTwinning" üzrə layihə koordinatoru Fidan Nəcəfova öz çıxışında layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlərini bölüşüb.

Bildirilib ki, "eTwinning" layihəsi çərçivəsində "eTwinning" Avropa Mərkəzi tərəfindən 2021-ci il üzrə keçirilən  Avropa Mükafatı müsabiqəsində Azərbaycandan 3 müəllim qalib olub. 118 000-ə yaxın layihə arasından seçilən layihələr  “ The Champion of the World” və “ Future Jounalists “ layihələri olub. Cari ildə “Mənim Böyük İdeyam” (“My Big Idea”) mövzusunda keçirilən  şagird müsabiqəsində 11 şagird qalib seçilib. Qaliblər 14 region üzrə 114 məktəbdən daxil olan 300-ə yaxın şagird  arasından müəyyənləşdirilib.

Sonda qalib müəllim və şagirdlərə sertifikatlar, xüsusi mükafatlar təqdim olunub.

Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, həmçinin birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 1137 məktəbdən 4108 müəllimin iştirakı ilə 4453 təhsil layihələri həyata keçirilib, bir çox yüksək beynəlxalq nailiyyətlər əldə edilib və Avropa ölkələri ilə eyni səviyyədə rəqabət aparılıb.

Xəbər lenti