Dekabrın 30-da Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2020-ci il könüllülər ilinə həsr olunmuş "Könüllülük inkişafdır" adlı tədbir təşkil olundu.
Tədbirdə Prezident cənab İlham Əliyevin 2020-ci il “Könüllülər ili” elan edilməsi haqqında sərəncamı səsləndirildi.
Tarix və coğrafiya fakültəsinin dosenti,YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr muavini Elmar Xəlilov çıxış edərək bildirdi ki, müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti, bu sahədə aparılan məqsədyönlü işlər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilir. Son illər gənclərimizin həyat tərzinə çevrilmiş, insanları vahid niyyət ətrafında birləşdirən, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı olan könüllülər hərəkatı geniş vüsət alıb, ölkə başçısının təşəbbüsü ilə “Könüllü fəaliyyət haqqında” qanun qəbul olundu, on minlərlə gənc müxtəlif təşkilatlarda könüllü fəaliyyətə cəlb edildi. Könüllülüyün cəmiyyətdə və fərdin şəxsi inkişafında bir çox faydası var. Belə ki, könüllülük fəaliyyəti gənclərin özlərini cəmiyyətin ayrılmaz və faydalı üzvü kimi hiss etməsinə zəmin yaradır.Ölkədə həyata keçirilən könüllülük proqramları onlar üçün mühüm imkanlar yaradır. Könüllülük maddi təminat və qarşılıq gözləmədən çalışan fərdin öz iradəsinə və müstəqil seçiminə əsaslanan fəaliyyət növüdür. Könüllülük birlikdir, dostluqdur, sosiallıqdır, təcrübədir. Dosent Elmar Xəlilov onu da diqqətə çatdırdı ki, tələbələrimiz könüllü fəaliyyət göstərməyə çox maraqlıdır. Onlar ölkədə keçirilən beynəlxalq idman yarışlarında və digər könüllülük hərəkatlarında hər zaman aktiv fəaliyyətləri ilə seçiliblər.
Sonda tələbələr bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışdılar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşdülər.