Logo

Heidelberg Universiteti, Manhaym Universitet Tibb Mərkəzinin rəhbərliyi ATU-nun qonağı olub

12.05.2022 14:50 128 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Almaniyanın Heidelberg Universiteti, Manhaym Universitet Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru Prof. Dr.med. Christoph Reißfelderi qəbul edib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə birgə icra etdiyi elmi araşdırma layihəsinin icrası, birgə keçirilən konfransın nəticələri ilə bağlı müzakirə aparılıb. Eyni zamanda, iki təhsil müəssisəsi arasında rezidentlərin rotasiyası, müştərək elmi  tədqiqatların həyata keçirilməsi, yeni əməkdaşlıq layihələrinin aparılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Manhaym Tibb Mərkəzi Almaniyanın tibb təhsili verən aparıcı üç ali məktəbindən biri olan Heidelberg Universitetinin tərkibinə daxildir. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyilə PAGEL proqramı çərçivəsində birgə layihə icra edir. 2020-2024-cü ilədək davam edəcək layihə çərçivəsində cərrahiyyə üzrə həm tibb təhsili, həm də elmi araşdırmaların aparılması əhatə edir. Layihə çərçivəsidnə bir neçə gün öncə ATU-da alman mütəxəssisləri iştirakı ilə “Cərrahi əməliyyatdan sonra erkən bərpa (ERAS) konsepsiyasının Azərbaycanda tətbiqi imkanları“ mövzusunda konfrans da keçirilib.

Layihə çərçivəsində qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentləri, gənc həkimlərin mübadiləsinin aparılması nəzərdə tutulub.

Görüşdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Dr.med. Vügar Yaqublu  iştirak edirdilər.

Xəbər lenti