Logo

“Azərbaycan-Çin teatr əlaqələri” mövzusunda seminar keçirilib

12.05.2022 15:34 288 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan-Çin teatr əlaqələri” mövzusunda seminar keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov teatr sənəti sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyəti vurğulanıb.

R.Abbasov teatr sənətinin xalqlar arasında sülhün möhkəmləndirilməsinin və qarşılıqlı anlaşmanın vacib vasitəsi olduğunu, eyni zamanda, Azərbaycan-Çin teatr əlaqələrini inkişaf etdirmək üçün ADU-nun nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirlərdən bəhs edib. O, həmçinin qeyd edib ki, 1959-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi Eksperimental Teatrında səhnəyə qoyulub. Sonradan Çin Milli Operasının Uxan Eksperimental Opera Teatrı və Tyanczin Milli Bədii Teatrında, Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib. “Arşın mal alan” Çinin paytaxtında səhnələşdirilən ilk xarici operettadır.

Seminarda ADU-nun çinsünas tələbələri Çinin tanınmış teatr xadimlərinin Bakıda keçirilən beynəlxalq elmi-praktik teatr konfranslarında iştirakından, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Musiqi Akademiyasının, Bakı Uşaq və Gənclər Teatrı nümayəndələrinin “İpək Yolu” Çin Teatr Liqasının forumlarında, “Böyük Çin səddi” teatr festivallarında iştirakından, Çin teatrlarının Azərbaycana qastrol səfərlərindən bəhs ediblər.

Tələbələr 1926-1927-ci il mövsümündə Bakı Fəhlə Teatrında “Hönkür, Çin” tamaşasının səhnələşdirilməsindən danışıblar. Onlar, həmçinin qadın rollarının məşhur ifaçısı, Çin Teatrının Pekin Operasının direktoru Mey Lanfan ilə görkəmli Azərbaycan opera müğənnisi Bülbül arasında dostluq münasibətləri və iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan və Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə onların yaradıcılıq planlarından söz açıblar.

Xəbər lenti