Logo

UFAZ-da “Total Energies” şirkəti və Fransa səfirliyinin birgə maliyyələşdirdiyi təqaüdlər təqdim edilib

12.05.2022 17:18 81 baxış
IMG

Mayın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Total Energies EP Absheron” və Fransa səfirliyinin birgə maliyyələşdirdiyi təhsil təqaüdlərinin təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı “Total Energies EP Absheron” və Fransa səfirliyi tərəfindən UFAZ tələbələri üçün həyata keçirilən təqaüd proqramını tələbələrin elmdə peşəkar inkişafına böyük stimul kimi qiymətləndirib.

Fransanın ölkəmizdəki səfiri Zakari Qross və “Total Energies EP Absheron” şirkətinin icraçı direktoru Regis Aqut 2 il əvvəl imzalanmış memorandumun tərəflər arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi baxımından vacib sənəd adlandırıblar. Onlar təqaüd proqramının müasir və strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından da ciddi önəm daşıdığını vurğulayıblar.

Sonra “Total Energies– Quai d'Orsay Entreprise” proqramı çərçivəsində UFAZ-ın 10 tələbəsinə birgə təqaüdlərin verilməsinə dair yeni razılaşma sənədi imzalanıb. Təqaüd qazanmış tələbələr özləri haqqında iştirakçılara məlumat verib, ixtisasları və gələcək planlarından danışıblar.

Qeyd edək ki, təqaüd proqramının qalibi olan 10 tələbə 2022-2024-cü illərdə 2 il ərzində Fransada magistratura pilləsində təhsil alacaq. UFAZ-da kompüter elmləri, yer elmləri, kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üzrə bakalavr pilləsini bitirən tələbələr Fransada magistratura pilləsində (süni intellekt, biotexnologiyalar, bərpaolunan enerji, gələcək üçün materiallar və su mühəndisliyi və s. sahələrdə) təhsil alacaqlar.

İmzalanan yeni razılaşmaya əsasən “Total Energies” şirkəti hər bir təqaüdçünün Fransada aylıq yaşayış, Fransaya getmək üçün yol xərci və ehtiyac olarsa, intensiv fransız dili kurslarının xərclərini qarşılayacaq.

Fransa səfirliyi isə 10 təqaüdçüyə hökumətin təqaüdçüsü statusunu verərək onların təhsil haqlarını, bu ölkədə mənzil və sosial təminatını, habelə rüsumsuz viza almasını təmin edəcək.

Xəbər lenti