Logo

Şəki rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

12.05.2022 18:21 446 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Şəki Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov bildirib ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O qeyd edib ki, təhsillə bağlı dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, yeni təhsil müəssisələrinin açılması, onların müasir avadanlıqlarla təchiz edilməsi Azərbaycanın gələcək inkişafı üçün atılan mühüm addımlardandır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Elxan Abdullayev çıxışında ölkəmizdə uşaqların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün lazımi şəraitin yaradıldığını bildirib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı əsasında yaradılıb. Rektor İnstitutun istifadəyə verilmiş yeni inzibati binasının açılış mərasimində cənab İlham Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb.

Aİİ rəhbəri daha sonra İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxışında abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. O, İnstituta qəbul olunacaq hər abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını vurğulayıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil imkanları; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Daha sonra Aİİ-nin ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Aİİ-nin nümayəndə heyəti Şəki İslam Kollecini ziyarət edib. Kollecdə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) Şəki-Oğuz bölgəsi üzrə qazisi Kamran Məmmədov, təhsil müəssisəsinin direktoru Abdurrahman Nuri və QMİ-nin təhsil işləri üzrə koordinatoru Fuad Quliyevlə görüş təşkil olunub. Aİİ rektoru Aqil Şirinova kollec haqqında geniş məlumat verilib, tədris prosesi, keçirilən fənlər barədə danışılıb.

Xəbər lenti