Logo

II Müalicə-profilaktika fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

12.05.2022 20:15 101 baxış
IMG

Bu gün ATU-nun 4 saylı tədris binasında II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib.

Tehsil biz xəbər verir ki, konfransı giriş sözü ilə universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açıb.

Azərbaycan Tibb Universitetində tələbə elmi cəmiyyətlərinin işinə xüsusi önəm verildiyini vurğulayan prorektor qeyd edib ki, istedadlı tələbələrin elmi işə cəlb olunması çox vacib məsələlərdən biridir: “Hər hansı bir ali məktəbdə elmi nailiyyətin təməli yoxdursa, orada tədrisin keyfiyyətindən söhbət gedə bilməz. Çünki tədrisin aparılması və elmi yeniliklərin praktiki təcrübəyə tətbiq olunması bilavasitə elmi fəaliyyətlə bağlıdır. Mənim xatirimdədir, bir neçə il əvvəl Bakı Dövlət Universitetində 600-dən çox bal toplayan tələbələri mütləq elmi işə cəlb edirdilər. Bu nöqteyi-nəzərdən müalicə işi fakültələrinə qəbul olunan tələbələrin böyük əksəriyyətinin 600-dən çox bal topladığını diqqətinizə çatdıraraq deyə bilərəm ki, ən istedadlı, ən hazırlıqlı tələbələr bizim universiteti seçiblər. Ona görə də universitetimizdə TEC-in uğurlu fəaliyyəti təbiidir”.

S.Əliyev elmi tədqiqata həvəs göstərən tələbələrlə işin düzgün qurulmasında ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşfiq Həsənov, elmi rəhbəri, professor Amaliya Əyyubova və fakültənin dekanı, dosent İsrail Məhərrəmbəylinin rolunu da yüksək qiymətləndirib. O, tibbi nailiyyətlərin həmişə elmi işlərin nəticələri ilə bağlı olduğunu, burada məruzələrlə çıxış edən tələbələrin hamısını indidən qalib hesab etdiyini söyləyərək, konfransın işinə uğurlar arzulayıb.
ATU TEC-in sədri Müşfiq Həsənov da konfransda çıxış edərək, 44 günlük Vətən müharibəsindən sonra bütün tədbir iştirakçılarını qalib ölkənin qalib vətəndaşları kimi salamlamaqdan qürur duyduğunu bildirib. 

Bundan sonra Tələbə Elmi Cəmiyyətinin ictimai təşkilat olduğunu, hər bir tələbənin elmi tədqiqat işlərində iştirak etmək hüququna malik olduğunu xatırladan M.Həsənov bu istiqamətdə inkişaf yolunu müəyyən etməyin vacibliyini qiqqətə çatdırıb. Qeyd edib ki, bütün kafedralarda tələbə elmi cəmiyyətlərinin yeni rəhbərləri fəaliyyət göstərirlər. Onu da vurğulayıb ki, elmi mövzuların verilməsi və təkrarlanmaması, həmin mövzuların kafedra daxilində müzakirələrinin aparılması daim diqqət mərkəzində saxlanılır.

I kursdan başlayaraq tələbələrin maraq dairəsinin öyrənildiyini də deyən M.Həsənov tədqiqatların iki istiqamətdə - tədris, həmçinin eksperimantal və klinik materiallar əsasında aparıldığını bildirib. O, iki tələbəmizin beynəlxalq konfransda xüsusi mükafata layiq görülməsini də tələbə tədqiqatçılarımızın uğuru kimi dəyərləndirib.

M.Həsənov çıxışının sonunda gələn ay Naxçıvan şəhərində 8 universitet rəhbərinin və 20-dən çox dərnəyin iştirakı ilə təbabətin aktual problemlərinə həsr olunan I Beynəlxalq Tibb Forumunun keçiriləcəyi haqqında məlumat verərək, bugünkü konfransda yüksək nəticə göstərən bir tələbənin həmin foruma dəvət ediləcəyini bildirib.

II MPF-nin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Aqil Əliyev konfransın tərkibi, gedişi barədə qısaca məlumat verib. Əvvəlcə Patoloji fiziologiya, Patoloji anatomiya, Şüa diaqnostikası və terapiyası, Umumi cərrahiyyə, sonra Normal fiziologiya, Bioloji fizika, növbəti gün isə digər klinik kafedraların elmi işlərinin müzakirə olunacağını deyib.

Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Eyyub Miriyev konfransın proqramını və münsiflər heyətinin tərkibini diqqətə çatdırıb.

Açılış tədbirinin sonunda fakültənin dekanı, konfransın sədri, dosent İsrail Məhərrəmbəyli təşkilati işlərə xüsusi dəstək verdiyinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və aktual mövzulara dair hazırlanan çıxışların maraqla qarşılanacağına əminliyini ifadə edib.

Xəbər lenti