Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfərinin ikinci günündə əvvəlcə universitetin maddi-texniki bazası ilə yaxından tanış olub.
Tehsil.biz xəbər verir ki, universitetin Biotexnologiya mərkəzində olan qonaqlar bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlərin həyata keçirilməsi prosesi ilə yaxından tanış olublar.
Bildirilib ki, Qərb bölgəsində fəaliyyət göstərən ilk biotexnologiya mərkəzi 2 istiqamətdə - elmi - tədqiqat və kommersiya məqsədli işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.
Laboratoriyalarda tədqiqatlar əsasən meyvə bitkilərinin invitro üsulu ilə mikroklonal yolla çoxaldılmasına yönəlib.
Qonaqlar Mərkəzdə qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalara baxış keçiriblər.