Bakı Mühəndislik Universitetində tələbələrə bir sıra güzəştlər tətbiq edilməsinə qərar verilib.
Məsələ ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Elman Babayev açıqlama verib. O bildirib ki, Elmi Şuranın ötən ilin son iş günündə keçirilən iclasında 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının pandemiya şəraitində təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı müzakirələr aparılıb:
“Prorektorların, dekanların, kafedra müdirlərinin və tələbə təşkilatları rəhbərlərinin fikirləri dinlənilib, müxtəlif təkliflər səsləndirilib. Müzakirələrin sonunda tələbələrə bir sıra güzəştlərin tətbiq edilməsinə qərar verilib. Elmi Şurada tələbələrin öz seçimlərinə uyğun olaraq final imtahanların birindən azad edilməsi və bu fənn üzrə biliklərinin imtahana qədərki semestrdaxili fəaliyyətdə (SDF) əldə edilən nəticələr əsasında qiymətləndirilməsi barədə qərar qəbul olunub. Edilən digər güzəştlər sırasında test suallarının sayının 40-a endirilməsi, fənnin xüsusiyyətindən asılı olaraq test imtahanlarına 60-80 dəqiqə, şifahi imtahanlarda hər tələbəyə 15 dəqiqə, bir sıra fənlər üzrə götürülən yazılı imtahanlara isə 90 dəqiqə vaxt ayrılması müəyyənləşib”.
E. Babayev qeyd edib ki, test və yazılı imtahan sualları ilə əlaqəli mövzuların və şifahi imtahana aid sualların əvvəlcədən tələbələrə verilməsi qərarlaşdırılıb:
“İclasda tələbələr üçün nəzərdə tutulan başqa güzəştlərə də toxunulub. Bu güzəştlərə bütün tələbələrin davamiyyətinin 10 balla qiymətləndirilməsi, üç semestrdaxili fəaliyyət (SDF) qiymətləndirilməsnin birə endirilməsi və təkrar imtahanların ödənişsiz olaraq həyata keçirilməsi daxildir. Tələbələrin sərbəst işlərinin qəbul edilmə müddəti yanvar ayının 9-na kimi uzadılıb. Toplantıda 2021-ci il yanvarın 11-də başlayacaq və 4 həftə davam edəcək payız semestri üzrə imtahan sessiyasının təşkili ilə bağlı digər məsələlər ətraflı müzakirə olunub, tələbələrin qarşılaşacağı problemlərinin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib”.
Xatırladaq ki, Bakı Mühəndislik Universitetin tələbələri karantin müddəti nəzərə alınaraq, imtahanların sadələşdirilməsi və tətbiq olunan bir sıra tələblərin ləğv edilməsi ilə bağlı dəfələrlə şikayətlər səsləndirmişdilər.