Logo

DİM-in əməkdaşları V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında iştirak ediblər - FOTO

14.05.2022 11:36 261 baxış
IMG

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.

Tehsil.biz xəbər verir ki, festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, aparat rəhbəri Vəfadar Misirov, departament və şöbə müdirləri, eləcə də işğaldan azad olunan rayonların sakinləri olan bir qrup DİM əməkdaşı 13 may 2022-ci il tarixində Festivalın ikinci günündə təşkil olunan tədbirlərdə iştirak ediblər. Həmin gün Böyük səhnədə Əməkdar artist Qoçaq Əsgərov (xanəndə) və Arslan Növrəslinin (tar) etno-caz qrupu, “Cəngi” Estrada Folklor Ansamblının çıxışları olub.

DİM əməkdaşları, həmçinin meşə və səfalı yerlərlə əhatələnmiş Cıdır Düzünü, görkəmli Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarını ziyarət ediblər.

Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. 1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. 1991-ci ildə keçirilən III “Xarıbülbül” festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. Dördüncü festival Şuşanın işğalı ilə əlaqədar Ağdamda olub.

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsindən sonra ənənəvi “Xarıbülbül” festivalı yenidən Şuşa şəhərində təşkil edilib. Ötənilki festivalın açılış mərasimində dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək” - demişdi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.

Xəbər lenti