Logo

Zaqatala rayonunda Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

14.05.2022 15:13 422 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramin Həsənov giriş nitqi ilə çıxış edərək, müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını, Ulu Öndərin bu siyasətini hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Bildirib ki, cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndəsi Lalə Laçınova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) Zaqatala bölgəsi üzrə şöbə müdiri İlqar Vəliyev
çıxışlarında ölkəmizdə gənclərin zəngin dünyagörüşlü, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün İlahiyyat İnstitutunda lazımi şəraitin yaradıldığını bildiriblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Rektor İnstitutun istifadəyə verilmiş yeni inzibati binasının açılış mərasimində cənab İlham Əliyevin iştirak etməsini ölkə başçısının dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi vurğulayıb.

Aİİ rəhbəri daha sonra ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov çıxışında abituriyentlərə İnstituta qəbul şərtləri barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. O, İnstituta qəbul olunacaq hər abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını vurğulayıb. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil imkanları; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında da ətraflı bəhs edib.

Daha sonra Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Aİİ-nin nümayəndə heyəti səfər çərçivəsində Zaqatala İslam Kolleci və Əliabad İslam Kollecində görüşlər keçirib.

Xəbər lenti