Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin “PostNL” milli operatoru tərəfindən buraxılıb.
Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini 2022-ci ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.
Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Cövdət Hacıyev”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.