Logo

BSU-nun kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

15.05.2022 16:18 305 baxış
IMG

Mayın 15-də Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev, universitetin əməkdaşları və tələbələri BSU-nun şəhid məzunu Elnur Allahverdizadənin, o cümlədən Sumqayıt Şəhidlər xiyabanındakı şəhidlərin məzarlarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, şəhidlərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirələri böyük ehtiramla anılıb.

Qeyd edək ki, Elnur Əli oğlu Allahverdizadə 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib.

Elnur Allahverdizadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib. 2020-ci ilin sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsindən Vətən müharibəsinə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Elnur Allahverdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü topçu olaraq iştirak edib. Ağdamın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elnur Allahverdizadə 7 noyabr 2020-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elnur Allahverdizadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti