Logo

Hamı Şuşaya getmək istəyirsə... - KÖŞƏ

16.05.2022 09:16 420 baxış
IMG

2022-ci il həqiqətən də əsl “Şuşa ili” olmaqdadır. Düşmən işğalından azad olunan şəhər elə son 1 ayda 3 böyük beynəlxalq tədbirə ev sahibliyi edib. Bu gözəl məkanda əvvəlcə Dünya Azərbaycanlılarının qurultayı keçirildi. Dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar Şuşaya toplaşaraq, növbəti illər üçün fəaliyyət strategiyalarını dəqiqləşdirdilər. Ardından dünya kulinarları Şuşaya yol aldılar. Bişirib-düşürdülər, yedilər, içdilər və şənləndilər. Bu günlərdə isə Şuşada V Xarıbülbül Musiqi Festivalı keçirilir. Azərbaycanın əksər tanınmış simaları bu yağışlı günlərdə Şuşaya toplaşdılar. Bir sözlə, faktiki olaraq son vaxtlar Azərbaycanın ürəyi Şuşada döyünür. Təsəvvür edin ki, son bir ayda ölkə prezidenti özü 2 dəfə Şuşada səfərdə olub. 

Bu fikirlər “Kaspi” qəzetində İlham Quliyevin “Hamı Şuşaya getmək istəyirsə” yazısında dərc edilib.

Gedə bilməyənlər narahatdır 

Görürəm ki, Şuşaya gedə bilməyənlər də narahatdır. Nigarançılıq, gedib o tədbirlərdə canlı iştirak etmək hissi güc gəlir. Hamı getmək istəyir. Hamısı təbiidir. Bu gün Azərbaycanın 10 milyonluq əhalisinin yetkinlik yaşına çatanlarının mütləq əksəriyyətinin Şuşaya getmək, Şuşanı görmək, Şuşanı hiss etmək arzusu var. Elə Şuşaya avtobusla təşkil edilən səfərlərin aprel və may ayları üçün nəzərdə tutulan biletlərinin qısa müddətdə satılıb qurtarması da bunu deməyə əsas verir. 

Şuşanın yaraları sarılır 

Amma bir az da səbirli olmaq lazımdır. Mənfur düşmən işğal altında saxladığı 28 ildə Şuşanı çox incidib. Şəhər dağıdılıb, başına min oyun açılıb, Şuşanı yaralayıblar. İndi o yaraların sarınması, sağaldılması prosesi gedir. Şuşa yenidən qurulur, yenidən tikilir. İnfrastruktur formalaşdırılır – işıq çəkilir, qaz çəkilir, yollar qurulur. Bunlar olmadan hamını kütləvi şəkildə Şuşaya buraxmaq, hamıya gediş üçün icazə vermək mümkün deyil. 

O gün də uzaqda deyil

Mənim şübhəm yoxdur ki, mümkün olan ən qısa zamanda Şuşa nəinki Azərbaycanın, Cənubi Qafqazın, hətta dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bura hər bir azərbaycanlının boş vaxt tapan kimi baş çəkmək istədiyi məkana çevriləcək. Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı yox, həm də turizm paytaxtı olacaq. Tezliklə şuşalılar da evlərinə köçəcək, tezliklə şəhərdə qonaqları qarşılamaq üçün xeyli sayda ictimai iaşə obyektləri də işə düşəcək. Zəfər yolunda tıxacların yaranacağı gün də uzaqda deyil. Sadəcə, bir az da gözləmək, bir az da səbir etmək lazımdır. 

Şuşa bilirsiniz nədir?

Şuşanın işğaldan azad edildiyi gün Bakıdakı atəşfəşanlıq zamanı  sükan arxasında bayramlaşan iki sürücünün dialoqu heç yadımdan çıxmır. Yaşlı bir kişi sevincini ifadə etmək üçün nərə çəkirmiş kimi bağırırdı – “Şuşa bilirsiniz nədir?” Sonra da izah etməyə çalışırdı, amma bacarmırdı. Həqiqətən də Şuşanın azərbaycanlılar üçün nə anlam daşıdığını sözlə ifadə etmək çox çətindir. Bu gün hər bir azərbaycanlı sükan arxasındakı o yaşlı kişinin düşdüyü vəziyyətdədir. O sualın cavabını tapmaq üçün gedib Şuşanı görmək, şəhidlərimizin qanı ilə suvarılmış o torpağın üstündə gəzmək, o torpağı öpmək istəyir. Gördüyümüz bütün narazılıqlar, bəzən xoşumuza gəlməyən reaksiyalar bundan qaynaqlanır. Hamını başa düşmək lazımdır. Səbir edək, hamımız gedəcəyik, Şuşa əbədi olaraq bizim olacaq!  

P.S. Hələ mən özüm də Şuşada olmamışam!

Xəbər lenti