Logo

Qabiliyyət imtahanlarına qeydiyyat davam edir

16.05.2022 09:50 311 baxış
IMG

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün mayın 27-dək link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı biri üzrə qeydiyyatdan keçə bilər. Abituriyent seçdiyi 1 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ən çoxu 4 komissiyası üzrə qeydiyyatdan keçə bilər.

İslamşünaslıq ixtisası üzrə Dini-Psixoloji Komissiyadan (DPK) qeydiyyatdan keçən abituriyentlər daha üç komissiya üzrə qeydiyyatdan keçə biləcəklər.

Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər bir istiqamətə aid ən çoxu 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, buraxılış imtahanlarının (qəbul imtahanlarının) nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.

Cari ildə orta ixtisas təhsili müəssisələrini bitirib subbakalavr kimi Qabiliyyət İmtahanı Komissiyası (QİK) üzrə qeydiyyatdan keçmək istəyənlər mayın 18-27-də http://eservices.dim.gov.az/qabiliyyet linki vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) üzrə birinci imtahandan “məqbul” qiymət aldıqları təqdirdə qeydiyyatdan keçə biləcəklər. Bu imtahanının nəticəsinin mayın 23-dək elan olunması nəzərdə tutulur. DİM imtahan nəticəsi “qeyri-məqbul” olan abituriyentlərin nəzərinə çatdırır ki, onlar iyunun 12-də keçiriləcək ikinci Azərbaycan dili imtahanına yazıla bilərlər. Həmin imtahandan “məqbul” qiymət alanlar DİM tərəfindən elan olunacaq tarixlərdə QİK-lər üzrə qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat yalnız Azərbaycan dili imtahanından məqbul qiymət almış abituriyentlər üçün açılacaq.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər (25, 26, 28, 31(gitara), 95 və 96-ci, 11 illik üzrə 4501, 4502, 4504, 4505, 4506, 4507, 4701, 4702, 4704, 4705, 4706, 4102, 4106-cı komissiyalar istisna olmaqla) musiqi təhsili haqqında sənədə malik olmalıdırlar. Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı, bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət etməlidir.

Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi DİM-ə şəxsən təqdim etməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituriyentin DİM-in internet səhifəsində “Şəxsi kabineti” olmalıdır.

Memarlıq və islamşünaslıq ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat tarixləri haqqında məlumatı yaxın günlərdə əldə edə biləcəklər.

Xəbər lenti