Logo

Azərbaycan Universitetinin pedaqoji heyəti üçün təlim keçirilib

16.05.2022 15:06 307 baxış
IMG

Azərbaycan Universitetinin pedaqoji heyəti üçün Elm şöbəsi tərəfindən “Nüfuzlu elmi nəşr platformalarında qeydiyyatdan keçmək qaydaları” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru, r.e.d. Yusif Qasımov açaraq bildirib ki, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” cari ilin mart ayında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov tərəfindən imzalanıb. Yol xəritəsinin icrası çərçivəsində elmi potensialın inkişafı üzrə öncəliklərin həyata keçirilməsində elm və təhsil müəssisələrinin aktiv və koordinasiyalı iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Universitetlərin üzərinə düşən işlərin həyata keçirilməsi məqsədilə birinci addım kimi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva əmr imzalayıb. Əmrdə göstərilir ki, Azərbaycan Universitetində çalışan müəllimlərin 31 may 2022-ci il tarixinədək ResearchGate, Google Scholar, Academia bazalarında şəxsi profilləri yaradılmalı və  ORCID identifikasiya nömrəsinin alınması təmin edilməli və elm şöbəsi tərəfindən müəllim kollektivi üçün proseslə bağlı maarifləndirici təlim keçirilməlidir. Yol xəritəsinin icrası ilə bağlı ikinci addım olaraq isə Elm şöbəsi tərəfindən bu təlim təşkil olunub.

Daha sonra Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva “Nüfuzlu elmi nəşr platformalarında qeydiyyatdan keçmək qaydaları” mövzusunda təqdimatla çıxış edib. Lətifə Ağamalıyeva qeyd edib ki, günümüzdə tədqiqatçıların elmi nəşr aktivliyi, bu sahədəki kəmiyyət və keyfiyyət göstəriciləri əsasən nüfuzlu nəşr platformaları vasitəsilə müəyyənləşdirilir. Bu səbəblə tədqiqatçıların elmmetrik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Web of Science, Scopus kimi bazalarda qeydiyyatdan keçmələri vacib məsələdir.

Şöbə müdiri təlimdə iştirak edən pedaqoji heyətə ResearchGate, Google Scholar, Academia bazalarında şəxsi profillərin yaradılması, elmi məqalələrin müəlliflərinin identifikasiyası üçün beynəlxalq sistem olan ORCID kodunun alınması, əməkdaşların daha öncə çap edilmiş, lakin internettə olmayan məqalələrinin mövcud açıq akademik sistemlərdə yerləşdirilməsi qaydaları haqqında məlumat verib.

Təlim mövzuya dair müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti