17 may - Ümumdünya Hipertoniya ilə Mübarizə Günüdür.
Tehsil.biz xəbər verir ki, Ümumdünya Hipertoniya ilə Mübarizə Günü 17 may 2006-cı il tarixdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan edilib və bütün dünyada qeyd olunur.
Statistik məlumatlara görə, dünyada arterial hipertoniyadan 1,5 milyard insan əziyyət çəkir və onların demək olar ki, yarısının öz xəstəliyindən xəbəri yoxdur. Bunu nəzərə alaraq, bu gün əhali xəstəliklə mübarizədə mühüm rol oynayan profilaktik tədbirlər, eyni zamanda xəstəliyin diaqnostika və müalicəsinə dair məlumatlandırılır.
Qeyd edək ki, arterial təzyiqin (AT) normal göstəriciləri: 100-140/60-90 mm. civə sütunudur. Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur. Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir. Müalicənin əsasını həyat tərzinin dəyişdirilməsi təşkil edir. Bunlara mütəmadi fiziki aktivlik, artıq çəkinin azaldılması, sağlam qidalanma, alkoqol istifadəsinin və tütünçəkmənin dayandırılması, duz və kofein istifadəsinin məhdudlaşdırılması daxil edilir. Həyat tərzinin dəyişdirilməsi ilə əksər xəstələrdə arterial təzyiqi normallaşdırmaq və ya aşağı salmaq mümkündür.
Lakin həyat tərzinin dəyişdirilməsi ilə yüksək arterial təzyiqin normallaşdırılması və ya davamlı aşağı salınması mümkün deyilsə, o zaman arterial təzyiqi aşağı salmaq üçün həkimin məsləhəti ilə müvafiq dərman preparatlarından istifadə etmək lazımdır.
Diaqnozun erkən qoyulması, effektiv müalicə və hipertoniyaya uzunmüddətli nəzarət sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan verir.