Logo

Təhsil Nazirliyi İctimai Şuranın qərarına müdaxilə edib? - İDDİA

17.05.2022 09:35 704 baxış
IMG

"Təhsil Nazirliyi yanında İctima Şuranın üzvü kimi ciddi narahatlıq yaradan iki məsələyə dəyərli İctimai Şura üzvlərinin münasibət bildirməsini xahiş etmişdim. Təəssüf ki, həmkarlarımın adından Təhsil Nazirliyinin cavabı İctimai Şuranının açıqlaması kimi təqdim olundu. Açıqlamanın sonuncu cümləsi isə lap əntiqədir. Təhsil Nazirliyinin 164 nömrəli məktəbin "Georgi lenti" açıqlamasının sonuncu cümləsi ilə eynidir. "Ağıl ağıldan üstündür" atalar misalı artıq aktuallığını itirir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev bildirib. 

Deputat İctima Şura adından heç bir araşdırma aparılmadığını və onunla məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verdiyini iddia edib: "Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb? Qoyduğum məsələnin məğzi budur: Akrobatik sıçrayışla məktəb direktoru yerinə gətirlmə əməliyyatlarının arxasında nə durur? Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verərək direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir".

"Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox", - Etibar Əliyev əlavə edib.

Qeyd edək ki, ötən günlərdə Millət vəkili Etibar Əliyev Təhsil Nazirliyinin bir neçə şəxsləri vəzifəyə birbaşa gətirməsini iddia etmiş, Təhsil Nazirliyi yanında İctimai Şuranı isə tənqid etmişdi. Daha sonra isə Təhsil Nazirliyi yanında İctimai Şura açıqlama yaymış, Millət vəkilinin fikirlərinin əsassız olduğunu bildirmişdi.

Fəqan Əzimli

Xəbər lenti