Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi “Erasmus+” proqramı çərçivəsində dünyanın müxtəlif universitetlərində təhsil alır, istehsalat təcrübələrində iştirak edirlər.
Tehsil.biz xəbər verir ki, Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə ADAU arasında “Erasmus+” proqramı çərçivəsində bağlanan müqaviləyə əsasən Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Əli Verdiyev və Türkan Şahverdiyeva təhsillərini əyani formada davam etdirmək üçün 2022-ci ilin fevral ayından Macarıstana, İtaliyanın Tuscia Universiteti ilə bağlanan eyni müqaviləyə əsasən Baytarlıq təbabəti fakültəsinin tələbəsi Nizami Məmmədov isə mart ayından İtaliyaya göndəriliblər.
Rumıniyanın Banat Aqrar Elmlər və Baytarlıq Təbabəti Universiteti ilə ADAU arasında “Erasmus+” proqramı çərçivəsində bağlanan müqaviləyə əsasən Aqronomluq və Baytarlıq təbabəti fakültələrinin tələbələri Gülçin Çiçitova, Yunis Nəbiyev və Hüseyn Məmmədov 2022-ci ilin fevral ayından təhsillərini Rumıniyada davam etdirirlər.
Həmçinin Almaniyanın Vayştefan–Triesdorf Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanan müqaviləyə əsasən təcrübə proqramı çərçivəsində Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Leyla Abbasova, Xədicə Abdullayeva, Əkbər Əliyev, Emir Nağıyev, Tükəzban Məmmədova və Aysel Aslanova istehsalat təcrübəsi keçmək üçün 2022-ci ilin aprel ayından Almaniyaya göndəriliblər.