Logo

BDU-da "Şuşa Qarabağın tacıdır" adlı tədbir keçirilib - FOTOLAR

18.05.2022 14:10 112 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə "Şuşa Qarabağın tacıdır" adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə ən şanlı səhifə kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun 2020-ci il noyabrın 8-də tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərini işğalçılardan azad etməsi müharibənin taleyinə həlledici təsir göstərib və həmin gün tariximizə Zəfər Günü kimi yazılıb.

Geodeziya və kartoqrafiya kafedrasının müdiri Məqsəd Qocamanov Şuşa şəhərinin xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkan, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd edib.

Coğrafiya fakültəsinin I kurs tələbəsi Nazilə Əsgərova məruzəsində Şuşanın milli mədəniyyətimizin, incəsənətimizin beşiyi olmasından, Şuşada keçirilən “Xarıbülbül” festivalından danışıb. Daha sonra fakültə tələbələrinin ifasında Şuşa haqqında şeirlər və mahnılar səsləndirilib, "Vətən - babaların, dədələrin əmanəti" səhnəciyi təqdim edilib. Coğrafiya fakültəsinin məzunu Elşən Həsənli sazda “Ruhani”, II kurs tələbəsi Amil Məmmədov isə tarda “Qarabağ” mahnısını ifa edib.

Tədbirin sonunda Şuşaya həsr edilmiş videoçarx təqdim edilib.

Xəbər lenti