Logo

ATU və Litvanın Sağlamlıq Elmləri Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

19.05.2022 11:18 271 baxış
IMG

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə  Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetisin görüşü baş tutub. Görüş zamanı tərəflər arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Tehsil.biz xəbər verir ki, görüşdə ATU rektoru, professor Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin tarixi haqqında məlumat verməklə yanaşı, bir əsrə yaxın tarixə malik qocaman ali məktəbin hazırkı fəaliyyətindən də bəhs edib. Hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanaları olan ATU-nun klinika və elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir ki, bu da elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadrların yetişdirilməsi üçün imkan yaratdığını da qeyd edib.

ATU-nun bu il beynəlxalq akkreditasiyadan keçdiyini vurğulayan rektor G.Gəraybəyli universitetdə 39 ölkədən tələbələrin təhsil aldığını da xatırladıb. ATU-da həyata keçirilən erzindetura təhsili haqqında məlumatları bölüşən rektor, professor G.Gəraybəyli Litva Sağlamlıq Elmləri Universiteti ilə əməkdaşlığın istiqamələri barədə də fikirlərini açıqlayıb.

Litvanın Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Rimantas Benetis təmsil etdiyi tibbi müəssisə haqqında məlumat verərək mövcud  8000 tələbənin 25 faizini əcnəbilərin təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, Litva Sağlamlıq Elmləri Universitetinin nəzdində güclü maddi-texniki bazası olan klinikalar və hətta apteklər də var. Səfər çərçivəsində Azərbaycanın səhiyyə nazirliyi və təhsil nazirliyində görüşlər keçirdiyini bildirən qonaq səfərin məhsuldar olmasından məmnunluğunu bildirib. O, ölkəmiz ilə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. ATU ilə imzalanacaq sənədin ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəyindən əminliyini vurğulayıb.

Bundan sonra Azərbaycan Tibb Universiteti və Litvanın Sağlamlıq Elmləri Universitetinin rektorları əməkdaşlığa dair memorandumu imzalayıblar.  

Görüşdə Litva Respublikası Prezidentinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müşaviri Paulius Baltokas və universitetin beynəlxalq əlaqələr üzrə dekanı, professor xanım İngrida Yanuleviçen, ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, mətbuat xidmətinin rəhbəri Günel Aslanova da iştirak ediblər.

Xəbər lenti