Logo

Bakı Avropa Liseyinin 30 illik yubileyi qeyd olunub - FOTOLAR

19.05.2022 14:14 855 baxış
IMG

Mayın 18-də Bakı Avropa Liseyinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, yubiley mərasimində təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, müəllimlər, valideynlər, liseyin məzunları və digər rəsmi qonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova innovativ məktəb kimi fəaliyyət göstərən Bakı Avropa Liseyinin yaranma tarixindən, liseyin uğurlarından danışıb. Direktor qeyd edib ki, liseyin nailiyyətlərinin səbəbi təhsil ocağında yaradılan inkişafedici mühit, müəllimlərin yüksək peşəkarlığı və təhsil sahəsində elm və praktikanın vəhdətidir.

Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edərək liseyin rəhbərliyini, müəllim kollektivini, şagirdləri və valideynləri 30 illik yubiley münasibətilə təbrik edib. Nazir liseyin fəaliyyəti haqqında fikirlərini bildirib, tədris ocağının Azərbaycan təhsilində həyata keçirilən islahatların fəal iştirakçısı olduğunu nəzərə çatdırıb. Nazir Bakı Avropa Liseyinin inkişaf etmiş ölkələrin məktəbləri ilə yarışmağa qadir olduğunu qeyd edib.

Təhsil sahəsində həyata keçirilən bütün layihələrə Bakı Avropa Liseyinin birinci olaraq qoşulduğunu bildirən nazir digər məktəblərin də bu tədris ocağının təcrübəsindən yararlandığını söyləyib. Əldə olunmuş uğurları liseyin daim təhsil yeniliklərinin təşəbbüsçüsü kimi çıxış etməsi ilə əlaqələndirən təhsil naziri məktəbin pedaqoji kollektivi haqqında yüksək fikirlərini diqqətə çatdırıb, müəllimlərin peşəkarlığından danışıb.

Tədbirdə çıxış edən digər qonaqlar liseyin kollektivini yubiley münasibəti ilə təbrik ediblər. 

Bildirilib ki, Bakı Avropa Liseyi Azərbaycanda istedadlı uşaqlar üçün yaradılmış ilk təhsil müəssisəsi olaraq innovasiyaların tətbiqinə geniş yer ayırıb və təhsil islahatına layiqli töhfələrini verib. Təsadüfi deyil ki, bu təhsil ocağının yetirmələri dünyanın müxtəlif ölkələrində Azərbaycanı layiqincə təmsil edir. İstər təhsil və elm, istərsə də idman, incəsənət sahəsində böyük nailiyyətlər əldə edirlər.

Daha sonra Bakı Avropa Liseyinin müəllimlərinin bir qismi Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, Fəxri Fərman və Təşəkkürnamə ilə təltif edilib.

Tədbirin bədii hissəsində “Liseyist” mövzusunda hazırlanmış konsert -tamaşa təqdim olunub. 

Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Xəbər lenti